BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Azərbaycanlı millət vəkili: “Urmiyə əhalisinin məişət şəraiti yaxşı deyil”

14:28 / 26-06-2016   /   baxış - 1165

Urmiyənin İran parlamentindəki millət vəkili şəhər əhalisinin məişət şəraiti və gənclərin işsizlik problemindən öz narahatlığını bildirib.

Bu barədə Ruhullah Həzrətpur “Əhali ilə əlaqə ofisi”nin açılışı mərasimində danışıb. “Qərbi Azərbaycan vilayətinin vəzifəli şəxsləri ötən illərdə əhali üçün vacib olan əsas məsələyə laqeyd yanaşıblar. Əhalinin müraciətlərinin 95 faizi işsizliklə bağlıdır. Bu göstərir ki, Urmiyə əhalisinin məişət şəraiti yaxşı deyil. Hazırda 40 min ali təhsilli gənc və minlərlə digər insan işsizdir. Bu vəziyyət istənilən müharibə, taun və s. kimi problemlərdən daha təhlükəlidir. İşsiz bir toplumdan boşanma, xəstəlik, yoxsulluq, oğurluq və digər ictimai fəsadları gözləmək lazımdır”- deyə millət vəkili bildirib.

R.Həzrətpur əlavə edib ki, “Urmiyə şəhəri üçün heç bir böyük sənaye müəssisəsinə lisenziyası (imtiyaz) verilməyib. Problem bununla da bitmir. Hazırda yüzlərlə kiçik sənaye müəssisəsi öz fəaliyyətini dayandırıb və orada çalışan işçilər, işsizlər ordusuna əlavə olub.”

O sözlərinin sonunda problemdən çıxış yolunu da göstərib. “Mən bir millət vəkili kimi işsizlərin kütləvi şəkildə hökumət işlərinə cəlb olunmasına  inanmıram. Bizim əhali dövlətin yardımı ilə iş qurub və digərləri üçün iş yeri yaratmalıdır. Masa arxasında oturub maaş almaq mədəniyyəti bizim ölkə üçün böyük problemdir”- deyə R.Həzrətpur qeyd edib.

 

 

İstinad: GünAz TV