BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Millət vəkili Südeyif Bədri ölkə prezidenti və Kənd Təsərrüfatı nazirinə müraciət ünvanladığını bildirib

10:26 / 06-09-2016   /   baxış - 1185

Yığım vaxtından təxminən 3 ay keçməsinə baxmayaraq Ərdəbil vilayətinin əkinçiləri min zəhmətlə yetişdirib dövlətə satdıqları buğdanın pulunu ala bilmirlər. Artıq məsələ ilə bağlı Ərdəbil, Nir, Nəmin və Səreynin İran parlamentindəki millət vəkili Südeyif Bədri ölkə prezidenti və Kənd Təsərrüfatı nazirinə müraciət ünvanladığını bildirib.

“Alınan buğdanın pulunun vaxtında ödənilməməsi əkinçilər üçün bir çox problem yaradıb. Onların əksəriyyəti məişət problemlərinin həlli üçün, il boyu məhsulun yığım vaxtı və satışını gözləyir. Ona görə də, bu məsələ olduqca önəmlidir və mən alınan məhsulun pulunun ən qısa zamanda ödənilməsi ilə bağlı ölkə prezidenti və Kənd Təsərrüfatı nazirinə müraciət etmişəm”- deyə o bildirib.

Millət vəkili əkinçilərin çarəsizlikdən müxtəlif banklara üz tutduğunu da diqqətə çatdırıb. “Əkinçilər satdıqları məhsulun pulunu vaxtında ala bilmədikləri üçün banklardan yüksək faizlə kredit almağa məcbur olublar. Bu isə onlara iqtisadi baxımdan ciddi ziyan vurur. Onları bu vəziyyətdən qurtarmaq üçün alınan məhsulun pulu ən qısa zamanda ödənilməlidir”- deyə o vurğulayıb.

 

BAO.AZ