BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Bütöv Azərbaycan ideyasının KİV-də təbliğinin hazırkı durumu” mövzusunda diskussiya (17/02/2018)

22:17 / 17-02-2018   /   baxış - 1235

17 fevral  2018-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO)  təşkilatçılığı ilə Bütöv Azərbaycan ideyasının KİV-də təbliğinin hazırkı durumu mövzusunda diskussiya keçirildi.

Tədbiri açıq elan edən BAO başqanının Türk Dünyası ilə Əlaqələr üzrə müavini, dos., dr. Faiq Ələkbərli (Qəzənfəroğlu) bildirdi ki, “Bütöv Azərbaycan” ideyasının yazılı və elektron KİV də təbliğinin durumu həmişə önəmliliyini qoruyub saxlamaqdadır. Onun sözlərinə görə, “Bütöv Azərbaycan” ideyası Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra yeni bir mərhələyə qədəm qoyub ki, bununla da daima mətbuatın gündəmində əsas yerlərdən birini tutmaqdadır. F.Ələkbərli hesab edir ki, “Bütöv Azərbaycan” ideyası ilə bağlı mətbuatdakı əsas problem onun milli konsepsiya ya da milli sistem halında cəmiyyətin şüuruna yeridilməməsidir: “Bu gün Azərbaycanın yazılı və elektron KİV-lərində, o cümlədən sosial şəbəkələrdə “Bütöv Azərbaycan” ideyası ilə bağlı məlumatlar, yazılar gedir ki, ümumilikdə qənaətbəxşdir. Ancaq burada əsas problem bu ideyanın cəmiyyətin bütün təbəqələrində geniş yayılmaması, cəmiyyətin şüurunda əsaslı şəkildə oturuşdurulmamasıdır­. Yəni bu gün hələ də, Azərbaycan dedikdə, oni Azərbaycan Respubilkası ilə məhdudlaşdırıb, Təbrizdən, Xoydan, Makudan, Həmədandan, Dərbənddən, Borçalıdan və başqa torpaqlarmızdan xəbərsiz olan soydaşlarımız var. Ancaq biz BAO olaraq həm Bütöv Azərbaycanın yeni xəritəsini, həm də yavaş-yavaş Milli Konsepsiyasını ortaya qoymaqla, Azərbaycan torpaqlarının Dərbənddən Kəngər körfəzinə, Bakıdan Kərkükə qədər uzandığını ifadə etməyə çalışırıq. Əsas məqsədimiz də odur ki, hər bir azərbaycanlı, Azərbaycan türkü Bütöv Azərbaycan ya da Böyük Azərbaycan ideyasını gerçəkdən mənimsəməli, özlərinin həyat amallarına çevirməlidirlər”.

Azərbaycan alimi onu da bildirdi ki, Böyük Azərbaycan ideyasını gerçəkləşdirmək və yeni bir dövlət qurmaq istəyiriksə Milli Konsepsiyamızı dəqiqləşdirməli, bunun üçün də ən azından Nadir Şah Əfşar, Ağa Məhəmməd Şah Qacar, Məhəmməd Əmin Rəsulzadə kimi Azərbaycan Türk böyüklərini birlik simvolları kimi cəmiyyətə təqdim eyməliyik: “Bir sözlə, bu gün Azərbaycan türklərinin əsas məfkurəsi Bütöv Azərbaycan ya da Böyük Azərbaycandır ki, biz bu məsələdə bir addım olsun geri çəkilməməliyik. Çünki ilk növbədə Azərbaycan ya da Bütöv Azərbaycan ideyası bizləri həm birləşdirir, həm də hədəflərimizə doğru aparır”.

Sonra digər iştirakçılar da öz fikirlərini bölüşdülər.

Ənvər Börüsoy: “...Bu məsələdə pərakəndəlik hökm sürür, hərə öz bildiyi kimi informasiya verir. Vahid informasiya mənbəyi yoxdur. Bu gün Xoyda, Urmiyada, başqa Güney Azərbaycan şəhərlərində nə baş verdiyindən çoxlarının xəbəri yoxdur. İndi şəxs yox, təşkilat, telekanal, mətbuat orqanıliderə çevrilməlidir.Orta Doğu projesində biz özümüz kimi iştirak etməliyik. Yalnız onda uğur qazana bilərik. Güneydə müxtəlif modellər (İstiqlalçılıq, federasiya, bütün İran vəs.) irəli sürülür. Bunlar hamısı öz yerində. Orada  ilk növbədə mədəni maariflənmə getməlidir”.

İlqar Türkoğlu: “Hazırda milli düşüncə mərkəzləri var. Amma təəssüf ki, onlar çox vaxt milli düşüncədən kənar olurlar. Bütöv türk dünyasından kənarda Bütöv Azərbaycan illüziyadır. Türk xalqlarının koordinasiyası vacibdir. Əsas problemlərimnizdən biri də odur ki, dindarlarımız camilərdə ərəb başı ilə düşünürlər”.

Elman Abbasov: “Bizim mütləq bir milli televiziyamız olmalıdır. İndiyə qədər milli televiziya kimi açılan kanallar əsasən qrup mənafelərinə xidmət edirlər. Çalışmalıyıq ki, elə bir milli televiziya yaradaq ki,qrup və şəxsi maraqlara xidmət etməsin”.

Natiq Ulubəy:“Bizim müstəqil dövlətimiz var. Güneyə dəstək vermək imkanlarımız genişdir. Güneyin özündə isə bu imkanlar yoxdur. Mətbuat dördüncü hakimiyyətdir. Ona görə də mətbuatın bu məsələdə rolu böyükdür”.

Rüfət Muradlı: “...Bu il mətbuatda Güney Azərbaycanla bağlı məlumatların verilməsində geriləmə var. Qarşı tərəfdə isə irəliləyiş var. Mətbuatda İranın xeyrinə məlumatlar gedir. Sistem işləyir. Azərbayucan qanunvericiliyində Güneyli soydaşlarımız üçün miqrant kimi heç bir güzəşt yoxdur. Bu da böyük problem yaradır”.

Nəcəfalı Cahangirli: İndi Bakıda rusca danışanların sayı artıb. Yas yerlərində mollalar fars şiəliyini təbliğ edirlər. Yəni rus da, fars da işləyir. Amma bizdə çoxlarından soruşsaq Güneyi tanımırlar. Ona görə də biz Bütöv Azərbaycan coğrafiyasını təbliğ etməliyik. Bu işdə də saytların üzərinə böyük öhdəliklər düşür”.

Şirvani Ədilli: “KİV-də olan materialların bir qismi də bədii ədəbiyyat nümunələridir. Hazırkı bədii ədəbiyyat nümunələrində isə Güney məsələsinə biganəlik hökm sürür. Bu acınacaqlı haldır. Halbuki, Güneyli soydaşlarımıza qarşı olan haqsızlıqlar bədii ədəbiyyatımızda da öz əksini tapmalıdır. KİV-lərinin Güney mövzusunda bədii əsərlərin mütəmadi olaraq müsabiqələrini keçirməsi bu sahədə inkişafa stimul verə bilər”.

Tədbir iştirakçılarından həmçinin Pənah Hüseyn, Dilavər Əzimli, Kəmaləddin Məmmədli, Fəzail İsmayıl və b. çıxış edırək mövzu ətrafənda öz fikirlərini bölüşdülər.

Tədbirin sonunda üzərində Bütöv Azərbaycanın xəritəsi çəkilmiş tort kəsildi və tədbir iştirakçıları üçün çay süfrəsi açıldı.

FOTOLAR:

BAO İnformasiya Xidməti

17.02.2018.