BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Azərbaycanlı cütlük “Başına dolanım Urmu gölü” şüarı ilə yola düşüb…

00:52 / 03-06-2017   /   baxış - 445

Güney Azərbaycanda cəmiyyətin müxtəlif ictimai təbəqələri Urmu gölünü böhrandan qurtarmaq üçün simvolik hərəkətlərə əl atırlar.

Bao.az Güney Azərbaycan milli azadlıq cəbhəsinə istinadən xəbər verir ki, bu dəfə azərbaycanlı cütlük gölün ətrafını velosipedlə gəzəcək. Ətraf-mühit tərəfdarları Əli Həsən Niya və Saray Qasimi gölün ətrafında 7 gün pedal çevirməyi planlaşdırır.

Cütlük “Başına dolanım Urmu gölü” şüarı ilə yola çıxıb, Urmiyə, Salmas, Şərəfxana, Sofiyan, Təbriz, Əcəbşer, Binab və Sulduz şəhərlərindən keçərək 600 kilometr yol qət edəcəklər.

Adını çəkdiyimiz cütlük ötən aylarda “Su böhranını kontrola almaq və Meşginşəhrin turizm imkanlarını tanıtdıqmaq” şüarı ilə 1000 kilometrlik məsafəni velosipedlə qət edərək “Bəndər Türkmən”dən Meşginşəhrin məşhur asılı körpüsünə səfər etmişdilər.

Qeyd edək ki, dünyanın ikinci ən böyük şor gölü olan Urmu gölü bir neçə ildir qurumaq təhlükəsi ilə üzləşib, böhran getdikcə dərinləşir. İran rəsmiləri isə hələ də sözdə elmi araşdırmalardan əməli işlərə keçməyə tələsmir. Bütün bunlar bölgə əhalisinin kəskin etirazı ilə müşayiət olunur.