BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Türk dili və Türk ədəbiyyatının inkişafında Şah İsmayılın rolu

21:28 / 29-09-2017   /   baxış - 5935

F.f.d. Zivər Hüseynli

zevarus@gmail.com

 

Giriş

Türk dili tarix boyu Şərq və İslam dünyasında ərəb və fars dilləri ilə yanaşı üçüncü aparıcı dil olmuşdur. Şərqdə istər xalq, istər dövlət, istərsə də ədəbi və elmi dil kimi işlənən türk dilinin müxtəlif ləhcələri əsas dillərdən olmuş və müasir dövrümüzdə də əvvəlki dövrlərdən daha geniş şəkildə öz varlığını göstərmiş və göstərməkdədir. Qərbi türk dilləri və ya Oğuz qoluna aid Azərbaycan türkcəsi də tarixdə özünə yer tutmuş əsas türk dillərindən biridir.

Bu gün Azərbaycan dili və Azərbaycan ədəbiyyatı kimi işlənən bu adlar son əsrə qədər “türk dili” və “türk” ədəbiyyatı adlanırdı. Səfəvilər dönəmində də “Azərbaycan dili” yerinə “torki-ترکی” ya “qızılbaşi- قزلباشی” ifadəsi işlənmişdir.(16; s.8-9) Səfəvilərdən əvvəlki və sonrakı dönəmlər və hətta bu gün belə Cənubi Azərbaycanda “Azərbaycan dili” əvəzinə məhz türkcə mənasınında olan “türki” və “türk dili” sözü işlənir. Qeyd etməliyəm ki, məqalənin başlığı və mətn boyu işlədilən “türk dili” və “türk ədəbiyyatı” ifadəsi məhz Azərbaycan türkcəsi və ədəbiyyatı mənasında işlədilmişdir.

Türk dili və bu dildən doğan ədəbiyyatımız öz tarixi boyu müxtəlif mərhələlər keçərək bugünkü vəziyyətinə çatmışdır. Ən dəyərli ədəbi irsimiz “Dədə Qorqud” dastanı hələ qədim dönəmlərdə dilimiz və ədəbiyyatımızın yüksək səviyyədə olduğunun bariz nümunəsidir. Tarix boyu dil baxımından inkişaf edən türk dili, ədəbiyyat sahəsində daha qədim zamanlarda şifahi, orta əsrlərdən etibarən isə həm şifahi, həm yazılı nümunələri ilə öz inkişaf yolunu davam etmişdir. Ədəbiyyatımızın yazılı nümunələri XIII əsrdən ortaya çıxmış, XIV-XV əsrlərdə inkişaf etmiş, sonrakı əsrlərdə parlaq dönəmini yaşamışdır.

Türk dili və ədəbiyyatının inkişafı tarixində ən əsas dövrlərdən biri məhz Səfəvilər dövrü olmuşdur. Azərbaycanın görkəmli siyasi xadimi, Azərbaycan Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin bu inkişafda böyük rolu olmuşdur.

Səfəvilər dövrü Türk dili və ədəbiyyatı

Azərbaycan-türk dili və ədəbiyyatı tarixində XVI əsr, yəni Səfəvilər dövrü “Türk dilinin yeni ləhcələri” və ya “Türk dilinin yazı dilinə çevrilməsi” (4; s.151) dönəmi kimi tanıdılır.

Bu dönəmdə inkişaf yolunda sürətlə irəliləyən, türk dili və ədədbiyyatı geniş bölgədə yayılmış və geniş coğrafiyada tanınmağa başlamışdı. Bu haqda sadəcə öz tədqiqatçılarımız deyil, başqa xalqların tədqiqatçilarının da dəyərli məlumatları vardır. Buna misal olaraq məhz İran yazıçısı Zəbihullah Səfanın fikrini söyləmək daha maraqlı olardı, o yazır: “O dövrdə İranda (Z. H. Səfəvilər dövlətində) türk ləhcələri arasından, Azərbaycan türkcəsi çox yayılmış və laiqli ədəbiyyata sahib olmuşdur...”.(20; s.195)

Tam qətiyyətlə deməliyik ki, bu inkişafın ən başlıca səbəbi Səfəvilər dövlətinin yaranması olmuşdur. Hər cəhəti ilə bir türk dövləti olan Səfəvilər dövlətinin quruluması dil və ədəbiyyat tariximizdə yeni dönəmin başlamasına yol açmışdır.(16; s.8-12) Bu inkişaf mərhələsində məhz dövlətin bansi, I Şah İsmayılın birbaşa və ya dolayı yollarla təsiri böyük olmuşdur.

Şah İsmayılın türk dilinə xidməti

Səfəvilər dövlətinin banisi Şah İsmayıl dövlətçilik tariximizdə ilk Azərbaycan-Səfəvilər dövlətinin qurucusudur.(7) Otuz səkkiz illik ömrünün iyirmi dörd ilini döyüşlərədə keçirmiş və bütün döyüşlərdə qələbə qazanmış sərkərdənin dövlətçilik siyasəti və qurduğu dövləti haqqında cildlərlə kitablar yazılmışdır. Onun göstərdiyi siyasi və dövlətçilik fəaliyyətləri və dövlətçilik tariximizə qazandırdıqları mədəniyyət tariximizdən də yan keçməmişdir. Hətta, tam qətiyyətlə deməliyik ki, Şah İsmayıl siyasi tariximizdə olduğu qədər mədəniyyət tariximizə də böyük töhfələr qazandırmış və ərməğan etmişdir.

Azərbaycan və Anadolu türklərinin böyük dəstəyi ilə bir türk dövləti quran Şah İsmayıl qurduğu dövlətdə öz ana dili olan, türk dilini, rəsmi səviyyəyə çatdıran ilk şah olmuşdur. Belə ki, o, xarici ölklərlə rəsmi yazışmalarında bu dildən istifadə etmiş və türk dilində bir çox rəsmi sənədlər və məktublar yazmışdır. Şahın, Qaramanlılara bağlı Durğud Oğlu Musa Bəyə yolladığı türkcə buyuruğu bunun bariz nümunəsidir.(8; s.425 /22; s.64) Şah İsmayıl, məhz bu əməli ilə türk dilinin rəsmi dövlət dili səviyyəsində yetərli olduğunu sübut etmişdir.

Onun bu addımı özündən sonra gələn xələfləri və dövlət rəsmilərinə də örnək olmuşdur. Belə ki, Səfəvi padşahlarından I Şah Təhmasibin Zeynalabidin Əli Əbdi bəyin “Təkmilatül-əxbar” əsərinin yazılması haqda fərmanı, (9; s.210) yenə I Təhmasibin Şahzadə Səlimə (13; s.174-180) və İngilis kraliçası Yelizaveta Tüdora (8; s.425), I Şah Abbasın Osmanlı Fərhad Paşaya (13; s.180-186), I Şah Səfinin Avstriya və Macarıstan kralı II Ferdinanda (5; s.425), II Şah Abbasın Şirvan Bəylərbəyi Hacı Mənuçöhr xana (8; s.425), Şah Soltan Hüseynin Saksonya şahzadəsi, Polşa kralı Fridrix Avqusta və həmin şahın elçisi Məhəmmədrza Bəyin Fransanın baş vəziri Markiz de Toziyə yazdıqları dörd türkcə məktublarını (23; s.11,21,26,28) örnək göstərə bilərik.

Şah İsmayıl rəsmi yazışmalardan başqa, ordu mənsubları, əmirlər, dövlətin yüksək rütbəli adamları ilə danışıq zamanı öz ana dilindən istifadə edirdi. Həmçinin, Qızılbaşlardan təşkil olunmuş ordu arasında birliyi möhkəmləndirmək və bərabərliyi qorumaq üçün türk dili onun üçün əsas vasitə idi.

Türk dilinin bu yayğınlığı və geniş istifadəsi dilimizin digər dillər üzərində təsirinə yol açmışdır. Türklərin orduda daha çox üstünlük təşkil etməsi və türk dilinin hərbi sahədə yayğın olması çoxlu sayda türkcə terminlərin fars dilində istifadə olunmasına səbəb olmuşdur. Səfəvilər dönəmindən başlayaraq sonrakı əsrlərə qədər bir çox türkcə hərbi terminlər, o cümlədən ordu mənsubları və hərbi sursatların adları kimi əsas sözlər farsdilli

mətnlərində geniş şəkildə işlənmişdir. (14. s.615-622). Qeyd etməliyəm ki, türkcədən fars dilinə keçmiş sözlər sadəcə həbi teminlərlə kifayətlənmir, həmçinin ictimai siyasi və digər sahələrə aid sözlər də həmin dönəmdə fars dilinə keçmiş və geniş şəkildə istifadə edilmişdir.(15; s.721-729) Bu sözlərin böyük əksəriyyəti uzun illər fars dilində istifadə olunmş, bir sırası sonrakı dönəmlərdə farsca sözlərlə yenidən əvəz olunsa da bir çoxu günümüzə qədər bu dildə yerləşmiş söz kimi istifadə olunmaqdadır.

Şah İsmayıl sayəsində türk dilinin belə geniş yayılması prossesi sadəcə Səfəvilər dövləti daxilində deyil, onun fəth etdiyi ərazilərdə belə ön plana çıxmışdı. İraq ərazisində türkmənlər daha əvvəlki əsrlərdən yaşasalar da 1508-ci ildə Şah İsmayılın Bağdadı fəth etməsi ilə oraya gedən türklərin sayı artmağa və türk toplumunun bölgədə möhkəmlənməsinə səbəb olmuşdur. İraqın dini mərkəz şəhərləri, Kərbəla və Nəcəfə gələn türk ziyarətçilər orada qalıb yaşamış, öz adət-ənənə və dillərini qoruyub saxlamaqla yanaşı bəzi ədəbi nümunələr ortaya çıxarmışdırlar. Beləliklə, İraqın bəzi şəhərləri, xüsusilə Bağdad türk ədəbiyyatı mərkəzlərindən birinə çevrilmişdir. Orda yaşayan, yazıb-yaradan şəxsiyyətlərdən biri Əhdi Bağdadi öz ana dilində yazmış olduğu “Gülşənüş-şüəra” təzkirəsində 375 Azərbaycan və Rüm eli şairləri haqqında məlumat vermişdir.(3; s.292) O torpaqlarda həmçinin tanınmış şairimiz Məhəmməd Füzuli kimi bu ənənəni davam etdirən və bir Azərbaycan ədəbiyyatı məktəbi yaradan böyük şəxsiyyətlər ortaya çıxmışdır.

Şah İsmayılın Türk ədəbiyyatına töhfəsi

Təkcə Azərbaycan deyil, dünya tarixində Şah İsmayıl siyasi fəaliyyətindən başqa şair olaraq tanınır. O, çox gözəl şeir yazır, türkcə divanı, şeirləri və farsca bəzi beytləri vardır. Şah olması ilə yanaşı həm də saz- söz üstadı və divan sahibi Şah İsmayıl “Xətai” təxəllüsü ilə məhşur idi. Öz dövrünün digər şairləri kimi iki dildə şeir yazmaq bacarığına sahib olsa da əsasən öz ana dili- türk dilinə üstünlük vermişdir. Şah İsmayılın bu bacarığı hələ öz dövrünün tarixi mənbələrində geniş şəkildə qeyd olunmuşdur. “Aləmarayi- Şah İsmayıl” kitabının müəllifi onu “səltənət və bilik dəryasının incisi” adlandırır və onun şairliyi haqqında məlumat verir, Həzrət Əlinin mədhinə bədahətən 35 beytlik qəsidə dediyini qeyd edir.(18; s.283-284) Şah şairin nəsihət və fəlsəfi məzmunlu “Nəsihətnamə” (21; s.21) və əxlaq məzmunlu “Dəhnamə” (1; -1982) poemalarını məhz türk dilində qələmə aldığı şah əsərləridir. Bundan başqa onun öz ana dilində yazdığı qoşma, gəraylı, bayatı, varsağı növündə çoxlu sayda şeirləri vardır. (2; s.77,79)

Şah İsmayılın dövlət hakimi olması ilə yanaşı türkcə divan yazması onu digər hakimlərdən, ədiblərdən və divan şairlərindən fərqləndirirdi. Belə ki, türkdilli Osmanlı və Özbək kimi dövlətlərin hakimləri öz divanlarını fars dilində yazdıqları halda Şah İsmayıl türk dilində yazmış və bununla türk ədəbiyyatı sahəsində bir ilk olmuşdur. Şah İsmayılın şairlik fəaliyyəti və əsrələri haqqında bir çox qaynaqlarda geniş məlumatlar verilmişdir.(21; 5;)

İstər siyasi, istər hərbi istərsə də mədəniyyət sahəsində məhşur olan Şah İsmayıl bu xüsusiyyətləri ilə Azərbaycanın siyasi, mədəni və ən əsası ədədbiyyatı tarixində bir ilk olmuş, mədəniyyət və ədəbiyyat tariximiz üçün dəyərli miraslar qoyub getmişdir.

Şah İsmayıl elm və ədəbiyyata dəyər verən bir şah kimi elm, sənət adamlarını himayə etməklə dönəmin həm türkcə, həm də farsca şeir, divan yazan şairlərini və sair nəzm və nəsr yazan qələm əhlini təşviq edirdi. Şahın əmri ilə sarayda “Məclisüş-şüəra” təşkil edilir, ədiblər və digər elm adamları orada toplaşırdılar. “Məclisi-şüəra”-ya Azərbaycanın bu günkü Göyçay rayonunun Bərgüşad kəndindən olan, Azərbaycan şairi Həbibi Bərgüşadi başçılıq edir, Şah İsmayıl tərəfindən bu şairə “Məliküş-şüəra” ləqəbi verilmişdi. Həmin məclisdə şairlərlə bərabər şahın özü və digər dövlət məmurları da iştirak edirdilər.(8; s.427). Bundan başqa onun, xalq arasından çıxmış təbrizli el şairi Baba Eşqi Təbərrai ilə münasibəti, ona ənam verməsi, ədəb əhlinə olan dəstəyinin göstəricisidir.(18; s.284) Şah İsmayılın elm, ədəb əhlinə dəstək çıxması ənənəsi onun xələfləri dönəmində də davam etmişdir. Şahın qoyub getdiyi bu irs sonrakı dövrlərdə ədəbiyyatın inkişafına səbəb olmuşdur.

Şah İsmayıl Xətai ənənəsi oğlu Şah Təhmasibdən başqa, bu xanədanın digər üzvləri, habelə başqa dövlət rəsmiləri tərəfindən də davam etdirilmişdir. Sadiqi bəy Əfşarın təzkirəsi “Məcmuəl-xəvas” kitabında Səfəvi xanədanı hakimləri və onların şeirlərindən nümunələr yazılmışdır. (19; s.8-12, 21-28)

Qeyd etməliyəm ki, Şah İsmayılın ana dilində əsər yazması təkcə dövlət rəsmiləri deyil, bu dili danışan xalqa belə örnək olmuş, türkdilli şair və yazıçıların öz dillərində əsərlər yazmaları üçün zəmin yaratmışdır. Demək olar ki, XVI əsrdən etibarən inkişaf yolunda sürətlə irəliləyən ədəbiyyatımız məhz bu dövrdə yaşayan və bu dövrdəki qələm əhlindən dərs və ya təsir almış şəxslərin sayəsində daha da irəliləmişdir. Əvvəllər tanınmaq üçün öz əsərlərini ərəb-fars dilində yazıb məhşurlaşan yazıçı və şairlər var idisə Səfəvilər dönəmdən etibarən yetişən qələm əhli əsərlərini daha çox öz ana dillərində, türkcə yazır və öz dillərində yazdıqları əsərlərlə tanınırdılar. Həmin vaxt Təbriz, Şirvan, Ərdəbil, Bağdad kimi böyük şəhərlərdə türkcə əsər yazan qələm əhli ortaya çıxmış və onların sayəsində türk dilində müxtəlif kitablar, lüğətlər, türkcə qəzəl, qəsidədən ibarət divanlar və müxtəlif mövzularda poemalar yazılmışdır.(2; s.276-283)

Qeyd olunan dövrdə, Səfəvi dövləti daxılındə türkcə yazmaq ənənəsi elə bir həddə çatmışdır ki, fars ədəbiyyatı öz yerini türk ədəbiyyatına verib özü ətraf bölgələr, xüsusilə Hindistanda yayılmağa davam etmişdir. (20; s.224- 225)

XIV-XV əsrin Nəsimi, Cahanşah, Zərir, Hamidi, Bəsiri, Kişvəri kimi şairlərindən sonra bədii dilin zənginləşməsində Xətainin xidməti böyük olmuşdur. Onun ən çox xalq ədəbiyyatına, daha doğrusu xalqın ruhuna uyğun şeirlər yazması xalq ədəbiyyatı və xalq dilindəki şeir növünün geniş şəkildə yayılmasına yol açmışdır. Ədəbiyyatçıların dili ilə desək, xalq ədəbiyyatının inkişafını bunun davamı kimi qiymətləndirə bilərik.

Bəzi tədqiqatşıların fikrincə divan sahibi Şah İsmayılın xalq dilində şeirlər yazması Azərbaycan ədəbiyyatının klassik üslubdan çıxıb, xalq dili üslubuna gəlməsinə yol açmışdır. Xətainin heca vəznli xalq ədəbiyyatı nümunələrini xatırladan şeirlərlə çıxışı o zamanın ədəbi prossesində bir inqilab idi, qanuniləşmiş ədəbi ehkamları parçalamaq idi. (3; s.368) Klassik üslub xüsusiyyətlərinin zəifləməsi və xalq dili üslubunun yayğınlaşması, Azərbaycanın istər nəzm, istərsə də nəsr ədəbiyyatında məhz Səvəfilər dönəmindən etibarən gözə çarpır.

Lakin digər tərəfdən xalq ədəbiyyatının bu formada irəliləməsi digər cəbhədə öz yoluna davam edən aşıq ədəbiyyatının inkişafına böyük təsir göstərdi. XVI əsrdən əvvəl şifahi şəkildə davam edən bu ədəbiyyat həmin əsrdən etibarən yazıya keçməsinə və bir sıra aşıq dastanlarının yaranmasına yol səbəb oldu. Şah Xətainin şəxsən aşıq ədəbiyyatına uyğun vəzndə şeirlər yazması və onun lirikası birbaşa aşıq ədəbiyyatına təkan verirdi. Şah şairin heca vəznində yazdığı şeirləri Azərbaycan yazılı ədəbiyyatı tarixində yeni bir hadisə idi. (3; s.279) Onun lirikası ilə Azərbaycan poeziyasının aşıq şeiri və şifahi xalq ədəbiyyatı ilə əlaqəsi yeni bir mərhələyə qədəm qoydu.

Qeyd etməliyəm ki, Şah İmayılın yazdığı aşıq şeirləri çox yayğın idi və bölgə aşıqları tərəfindən oxunurdu və bu ənənə həmin dövrdən günümüzədək xüsusilə Anadolu türkləri arasında davam etməkdədir. Müasir Anadolu saz şairləri hələ də Şah İsmayılın şeirləri və ya onun hörmətinə Xətai təxəllüsü ilə yazan şairlərin şeirləri və Şah İsmayıl haqqında yazılmış şeirləri oxumağa davam edirlər.

Şah Xətainin habelə xalq poeziyasından, xalq şeiri şəkillərindən nəşət tapmış əsərləri Azərbaycan ədəbiyyatının bir çox istedadlı sənətkarlarının yetişib tərbiyələnməsində mühüm rol oynamışdır.(3; s.278-279)misal.

Xətainin şeirləri məzmunca dönəm şairlərinin şeirləri ilə uzlaşırdı. Zamanəsinin digər şairləri kimi Xətainin də Allah, Peyğəmbər və imamları mədh edən şeirləri vardır.(11; s.10-38) O, Azərbaycan ədəbiyyatında yeni ideologiyalar ortaya çıxaran bir xadim kimi qiymətləndirilir. Bağlı olduğu sufilik, səfəvilik, qızılbaşlıq ideaları və ən əsası şiyəlik-qızılbaşlıq ideologiyası elə bir dərəcədə vüsət tapmışdı ki, bu mövzu onun şeirlərində özünü göstərməklə yanaşı dövrün ədəbiyyatına da yansımışdı. Xüsusilə ədəbiyyatımızda ortaya çıxan səfəvilik və qızılbaşlıq ideaları haqqında tədqiqatçımız P. Kərimov yazır: “XVI əsrdən başlayaraq Azərbaycanda və Şərqi Anadoluda səfəvilik, qızılbaşlıq idealarının təbliği poeziyada geniş vüsət almışdı. Şah İsmayıl Xətainin yaradıcılığında formalaşaraq özünün ardıcıllarını tapan qızılbaş şeiri, əqidəsi uğrunda döyüşə gedən qızılbaş əsgərlərini “igid yektalar” düşməni isə Yəzid, Şümri-Mərvan adlandırırdı”. Bu növ şeirlər həmin dönəm və sonrakı dönəmlərdə digər şairlər tərəfindən davam etdirildi.(17; s.9)

Məzhəbi bir dövlət qurmuş, şiyəliyi rəsmi məzhəb elan etmiş Xətainin şiyəliklə bağlı fikirləri və görüşləri əsərlərinə də yansımışdır. O, bir şair kimi dayandığı şiyəlik ideolologiyasını öz şeirlərində bəyan etməsi ilə ədəbiyyat tariximizdə özünəməxsus yer

tutmuşdur. Şah İsmayılın Əhli-beytə olan sevgisi və bağlılığı, Kərbəla hadisələrinə göstərdiyi bağlılıq “Nəsihətnamə” əsərində daha çox nəzərə çarpır və onun bu əsəri şiyəliyi təbliğ edən əsas əsərlərdən biri sayılır. Xətainin Həzrət-i Əli (ə), Kərbəla hadisələri, İmam Hüseyn (ə) və digər 12 imamın adı keçən bir çox şeirləri vardır. (12; məruzə.)

Onun bu ideologiayası və öz ədəbi fəaliyyətində bu ideologiaya yer verməsi digər qələm əhlinin nəzərindən yan keçmədi və sözün həqiqi mənasında ədəb əhli arasında yeni bir mövzunun ortaya çıxmasına səbəb oldu. Ədəbi əsərləri araşdırdıqda Xətai və dövrünün şairləri, habelə sonrakı dövr şairlərinin Əhli-beyt haqqında çox sayda şeir və qəsidələrinə rast gəlmək mümkündür. Şah İsmayıl və onun xələfi Şah Təhmasib və digər Səfəvi şahları, şairlərə Kərbəla şəhidləri və Əhli-beyti mədh etmələrini təkid edirdilər. Belə ki, həmin dönəmə qədər şairlər müxtəlif janrlarda şeir yazmaqla bərabər, hansısa bir padşahı ya dövlət xadimini mədh etməklə məşğul idilərsə Səfəvilər dövründən etibarən daha çox dini şəxsiyyətləri mədh etməyə başladılar. Demək olar ki, həmin dönəm İslam peyğəmbəri və imamlar haqqında qəsidə, tərcibənd və tərkibbənd yazmayan şair olduqca az saydadır. (25; s.539)

Şah İsmayılın dəstəklədiyi və rəsmi elan etdiyi şiyəlik ideologiyası inkişaf yolunda olan ədəbiyyatımızda yeni bir janrın yaranmasına səbəb oldu. Bu janr Kərbəla hasdisəsini bəyan edən “mərsiyə” şeiri növüdür. Mərsiyə şeir növü məhz bu dövrün ədəbiyyatımıza olan töhfəsdir ki, çağdaş Azərbaycan ədəbiyyatında belə davam etməkdədir.( 25; s.539)

Şah İsmayılın şiəlik ideologiyası sadəcə dövlət daxilində deyil, ətraf bölgələrə də yayılmışdır. Qaynaqlarda yazdığına görə Kiçik Asiyada türk əhalisinin beşdə dördü şiyə idi və Səfəvilərə dərin rəğbət bəsləyirdilər. (10; s. 254) Onların bu rəğbətləri qələm əhlinin əsərlərində gözə çarpır. Şah İsmayılın bu ideologiyası Osmanlı daxilində Pir Sultan Abdal, Qayğusuz Abdal, Qul Hümmət və digərlərinin yaradıcılığında büruz etmişdir. Onlar Xətaini özlərinə “Piri- mürşid” hesab edirdilər.

Şah Xətainin ədəbiyyatımıza olan digər bir töhfəsi, onun irsinin ədəbiyyatımızda ədəbi-estetik fikrin inkişafı, bədii dilin qüvvətlənməsi və zənginləşməsində tutduğu mühüm yerdir. Onun “Nəsihətnamə” və “Dəhnamə” adlı əsərləri ədəbiyyatımızda bədii-estetik sənətini daha da inkişaf etdirmişdir. (3; s.311)

Nəticə

Şah İsmayıl türk dilini rəsmi dil səviyyəsinə çatdırmış, bu dildə rəsmi yazışmalar aparmış, fərmanlar vermişdir. Onun bu siyasəti sayəsində saray, dövlət rəsmiləri, ordu mənsubları və dövlətin elitası türk dilinə üstünlük vermişdirlər.

Şah İsmayıl, Şah olmaqla yanaşı dövrün tanınmış divan şairlərindəndir. Azərbaycan ədəbiyyatına böyük töhfələr qazandırmış Xətai ədəbiyyatımıza bir çox yeniliklər gətirmişdir. Belə ki, elm və sənət əhlinin himayəsi, türk dilində şeir yazmaq ənənəsi, şifahi xalq ədəbiyyatı və aşıq ədəbiyyatının inkişafı, təriqət və məzhəb mövzularının

ədəbiyyatda yayğınlaşması, mərsiyə janrının ədəbiyytımızda yer tutması, bədii-estetik sənətinin inkişafı kimi yeniliklərdə Şah İsmayılın rolu vardır.

Dilimiz və ədəbiyyatımızın ölkə sərhədlərindən kənarda yayılmasında da Xətainin təsiri böyük olmuşdur.

 

Ədəbiyyat:

1. Araslı, H. Dəhnamə. 1982. Gənclik, Bakı.219 s.

2. Azərbaycan tarixi XIII-XVIII əsrlər. 7 cilddə. C.3.2007. Elm nəşriyyatı, Bakı.590s.

3. Azərbaycan ədəbiyyatı tarixi, 6 cilddə. C. 3. 2009. Elm nəşriyyatı, Bakı.736s.

4. Bayat F., Türk Dili Tarihi, (Başlanğıçtan Günümüze kadar Türk Dili), 2003. Piramit Yayınları, Ankara.

5. Cavanşir B., Nəcəf Ə, Şah İsmail Hatayi Külliyatı, 2006, İstanbul.350

6. Dəmirçizadə Ə., Azərbaycan ədəbi dilinin tarixi, I hissə; 1979. Maarif nəşriyyatı, Bakı.267s.

7. Əfəndiyev O., Azərbaycan Səfəvilər dövləti. 2007. Şərq-Qərb, Bakı (pdf)304

8. Əliyarlı S., Azərbaycan tarixi, Azərbaycan 1996. Bakı.872s.

9. Əliyarlı S.,, Azərbaycan tarixi üzrə qaynaqlar, 2007, Çıraq nəġrġyyatı, Bakı. 328 s.

10. Fərzəliyev Ş., Azərbaycan XV-XVI əsrlərdə (Həsəbəy Rumlunun “Əhsənüt-təvarix” əsəri üzrə. 1983.Bakı.150s.

11. Gənceyi T., Şah İsmayıl Xətai divanının elmi-tənqidi mətni. tərt. və mətni transfoneliterasiya ed. P. Kərimov ; AMEA, M. Füzuli ad. Əlyazmalar İn-tu. Elm və təhsil, 2013.Bakı. 380s.

12. Hüseynli Z., Dini ədəbiyyatımızın inkişafında Şah İsmailin rolu. 2015. Yeddi Ulu Ozan simpoziumu (məruzə.)

13. Hüseynli Z., Folologiya məsələləri, 2014, no. 6. Səfəvi padşahlarının türkcə məktubları. Bakı.12s.

14. Hüseynli Z., Səfəvilər dönəminə aid farsça mətnlərdə türkcə hərbi terminlər. Yeni Türkiye- Kafkaslar Özel Sayısı II, No.72, 2015.Temmuz-Aralık.8s.

15. Hüseynli Z., Türkçedən farscaya keçmiş kəlimələr (Səfəvilər dönəmi), 2015. Oğuzlar: dilleri, tarixləri və mədəniyyətləri mövzusunda V Beynəlxalq Türkiyat Arastirmaları Simpoziumu , Hacettepe Üniversiteti Türkiyat Araştırmaları Enstitüsü nəşriyyatı. Ankara.8s.

16. Hüseynova Z., Səfəvi dönəmi və Türk dili, Dil və ədəbiyyat Elmi-nəzəri jurnalı 4(75) 2010. Bakı.6s.

17. Kərimov P. XVII əsr anadilli Azərbaycan poeziyası. 2012. Nurlan, Bakı.197s.

18. Musalı N., I Şah ismayılın hakimiyyəti, 2011. Elm və təhsil, Bakı.482

19. Sadiqi bəy Ə.Təzkireyi Məcmuəl-xəvas, 1327ş. Əxtəri-şomal, Təbriz.327s.

20. Səfa Z., Tarixe ədəbiyyat dər İran, c.4. 1382 ş. Qaqnuş nəşriyyatı, Tehran. 607s.

21. Səfərli Ə., X Yusifli, Şah İsmayıl Əsərləri, 2005, Şərq-Qərb nəşriyyatı. Bakı. 384s.

22. Sümer F., Nəqş-i Torkan-i Anatuli dər təşkil və tosiye-i dövlət-i Səfəvi.1371 ş. Gostere yayınevi, Tehran.307s.

23. Tacbəxş Ə. “Bərresihayi tarixi” jurnalı, 9-cu il, no.2. 1353 ş. Xordad-tir, Tehran.

24. Xonci Ə.Tarixe-Şah İsmayıl Səfəvi, 1374ş. Mərkəzi- nəşre- daneşqahi, Tehran. 214s.

25. Kembric Universitetinin araşdırması, Tarix-i İran doreyi- Səfəvian, 1384 ş. farscaya çevirəni: Ajand Y., Cami nəşriyyatı, Tehran.720

 



Şirvani Ədillinin “Tək vətən sevgisi bəsdir” adlı yeni kitabı nəşr olunub
23:07 / 11-01-2023
Şirvani Ədilli: Qan Turalının meyxana haqqında fikirlərinə cavab
14:45 / 25-05-2022
“Folklorçular” İctimai Birliyi 3 günlük “Dastan gecələri”nin keçirilməsini təşkil edib
00:19 / 03-05-2022
“Dastanlarda milli-mənəvi dəyərlərimiz” mövzusunda Konfrans keçirmişdir
22:55 / 20-04-2022
Təbrizdə Rza Bərahəninin xatirəsi anılıb-VİDEO
15:00 / 27-03-2022
Həsən Dəmirçinin yubileyi qeyd olunub
23:48 / 31-12-2021
Arzu Qazıyevanın filminin təqdimatı oldu
01:29 / 26-12-2021
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
19:48 / 21-03-2021
KİTABLAR GÖRÜNMƏZ QANADLARIMIZDIR
21:01 / 14-11-2020
QHT tərəfindən kənd kitabxanalarında kitabların müzakirəsi həyata keçirildi.
15:05 / 30-10-2020
Şirvani Ədilli: Aqşin Yeniseyin tarix və mədəniyyətimizi aşağılayan yeni kitabı haqqında
01:22 / 04-05-2020
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
11:56 / 20-03-2020
Şirvani Ədilli: Ağa Məhəmməd şah Qacar bədii əsərlərdə
21:20 / 08-01-2020
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Gəncə şəhərində yekun tədbirini keçirib
03:41 / 08-11-2019
Yeni ildə türk dili və ədəbiyyatı ixtisasına rəğbət artıb – Təbriz Universitetində
12:40 / 12-08-2019
Həmədan aşıqları haqda qələmə alınan nəfis əsər işıq üzü görüb
22:52 / 13-07-2019