BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Fəxrəddin Oruc Qəribsəs: Dəmirqapı Dərbənd (şeir)

21:53 / 23-12-2014   /   baxış - 2122

Fəxrəddin Oruc Qəribsəs

 


     Dəmirqapı Dərbənd

 

Bürünüb dumana Narın daşların,

Qalıbdır arxada çox savaşların.

Ərən igidlərin,mərd qardaşların,

Olubdur sərvətin, ay Dəmirqapı.

 

Görmüsən möhtəşəm zəncir kəməndi,

Dolaşır xəyalım bərəni, bəndi.

Tanrı çox görməsin bizə Dərbəndi,

Qoruyaq şöhrətin, ay Dəmirqapı.

 

Xəlifə nisgili, əmir röyasi,

Xəzərdir üzünün parlaq aynasi.

Görməsin talehin amansız yaşı,

Yaşa sən əbədi, ay Dəmirqapı.

 

Döşündə bir qala zərli tac olub,

Hasarin min dərdə bir əlac olub.

Yağılar sehrinə çox möhtac olub,

Min illər məbədi, ay Dəmirqapı.

 

        Dərbənd

 

Bu şəhərin küçələri darısqal,

Sakininin ürəyisə genişdir.

Elə bil ki, tarix çəkib min sığal

Hər daşında naxış-naxış keçmişdir.

 

Əzmi sinə gərdi qafil düşmənə,

Hanı yağıların, yandı kül oldu.

Bu yerlər incisi gözəl Möminə,

Koroğlu eşqində sönməz gül oldu.

 

Möhtəşəm qalanin uca daşlari

Düşmənə sədd çəkməkdə birinci olub.

Qeyrətlə qət edib çox savaşları,

O şəhər üstündə bir inci olub.

 

Səməndərtək məşəllənir od ürək,

Qala şöhrət uzun-uzun yaşayır,

Nizaminin həyatında işıqtək

Afaq adli bir ulduzun yaşayir.

 

Bu şəhərin küçələri darısqal,

Sakininin ürəyisə genişdir.

Elə bil ki, tarix çəkib min sığal

Hər daşında naxış-naxış keçmişdir.

 


Tofiq Bayram: Azərbaycan deyəndə (şeir)
00:15 / 23-12-2014