BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Könüllərin fatehi: Şah İsmayıl Xətai (I hissə)

21:45 / 03-10-2017   /   baxış - 91

 

Namiq Musalı,

Tarix üzrə fəlsəfə doktoru,

AMEA Əlyazmalar İnstitutu

 

Giriş

 

Şah İsmayıl Xətai (17.VII.1487-23.V.1524) Azərbaycan Səfəvilər dövlətinin banisi və türkdilli Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olaraq türk dünyasının dövlətçilik və ədəbiyyat tarixində əhəmiyyətli rol oynamışdır. Onun haqqında yaşadığı dövrdən başlayaraq bu vaxta qədər istər Şərqdə, istərsə də Qərbdə bir çox əsərlər yazılmış, hələ bundan sonra da çox yazılacaqdır. Türk tarixçiləri olaraq bizlərin Şah Xətai və Səfəvilər mövzusundan söz açarkən, ilk növbədə bu problemi türk tarixi baxımından dəyərləndirmiş və bizlərin bu yöndə tədqiqatlarımız üçün yol açmış iki böyük tarixçini – Azərbaycan səfəvişünaslıq məktəbinin banisi, AMEA-nın müxbir üzvü Prof. Dr. Oqtay Əfəndiyevi və Türkiyənin ən nüfuzlu alimlərindən olan Prof. Dr. Faruk Sümeri rəhmətlə anmalıyıq.

I Şah İsmayılın fəaliyyətindən bəhs edən Səfəvi mənbələri arasında h. 1086 / m. 1675-76-cı ildə naməlum bir müəllif tərəfindən farsca qələmə alınmış “Tarix-i aləmara-yi Şah İsmayıl” (“Şah İsmayılın dünyanı bəzəyən tarixi”) əsəri həcminə və dəyərli məlumatlarına görə diqqəti cəlb edir. Bu əsər həm də “Tarix-i aləmara-yi Səfəvi” və “Mürşidnamə” adları ilə məşhurdur. Hazırkı məqalədə sözügedən mənbənin məlumatları əsasında Şah İsmayıl Xətainin şəxsi keyfiyyətlərini və xarakterini şərh etməyi qarşımıza məqsəd qoymuşuq. Məqalənin mətnində mənbəni qısaca olaraq “Aləmara” adlandırmağı məqsədəuyğun hesab etmişik.

“Aləmara”nın müxtəlif nüsxələri İran alimləri Ə.M.Sahib və Y.Şükri tərəfindən ayrı-ayrılıqda nəşr edilmişdir [57; 59]. Mənbənin naşirləri əsərin anonim müəllifinin azərbaycanlı olduğunu və sadə xalq içərisindən çıxdığını göstərirlər. Şah İsmayıl Xətai mövzusu uzun müddət xalq arasında populyar olduğundan, “Aləmara” müəllifinin onun ölümündən 150 il sonra bu mövzuya müraciət etməsi anlaşılandır. Naməlum müəllif öz əsərini I İsmayıl haqqında xalq arasında dolaşan rəvayətlərlə zənginləşdirmiş, bir sıra orijinal informasiyalar vermişdir. Adı çəkilən əsər tərəfimizdən geniş şəkildə tədqiqata cəlb olunmuşdur [14].

“Aləmara”nın əsas mahiyyəti I Şah İsmayılın hərbi-siyasi fəaliyyətinin və qəhrəmanlıqlarının işıqlandırılmasından ibarətdir. Əsərin əvvəlində Şah İsmayılın 13-cü əcdadı Firuzşah Zərrinkülahdan başlayaraq Səfəvi əcdadlarının ömür yolu qısaca şərh edilir, daha sonra I Şah İsmayılın həyat və fəaliyyətinin geniş təsviri öz əksini tapır, onun uşaqlıq illəri, hakimiyyətə yüksəlməsi, çoxsaylı yürüşləri, hərbi əməliyyatları və siyasi-diplomatik gedişləri xeyli ətraflı təsvir edilir. Burada I Şah İsmayılın hərbi-siyasi fəaliyyəti ilə bağlı kifayət qədər dolğun məlumat öz əksini tapmış, həmçinin Azərbaycan Səfəvilər dövlətinin daxili ictimai-iqtisadi vəziyyəti və dövlət quruluşu ilə əlaqədar informasiyalar da yer almışdır. Əsərdə Səfəvi xanədanına, xüsusən də Şah İsmayıla böyük rəğbət duyulur, o, “mürşid-i kamil” (“mükəmməl dini rəhbər”), “zillullah fil-ərzi” (“Allahın yer üzündəki kölgəsi”), “xələf-i dudman-i vilayət” (“peyğəmbər sülaləsinin xələfi”), “şəhriyar-i kişvər-i imamət” (“imamət ölkəsinin hökmdarı”), “xaqan-i Süleyman-şən” (“Süleyman şanlı xaqan”), “xaqan-i İsgəndər-şən” (“İsgəndər şanlı xaqan”), “şəhriyar-i islam” (“islam hökmdarı”), “şəhriyar-i dövran” (“dövrün hökmdarı”), “nəvvab-i giytisitan” (“dünyanı tutan hökmdar”), “nəvvab-i əşrəf” (“şərəfli hökmdar”), “vəlinemət-i aləmiyan” (“dünya sakinlərinin vəlineməti”), “nəvvab-i cahanbani” (“dünyanı qoruyan hökmdar”), “padişah-i aləm-pənah” (“dün-yanın pənahı olan padşah”), “əbül-müzəffər və əbül-mənsur” (“zəfər və qalibiyyət sahibi”), “Şah İsmayıl Bahadır xan” deyə yad olunur. Şah İsmayılın düşmənləri isə “müşrik”, “xarici”, “münafiq”, “namərd”, “məlun” adlandırılırlar.

Saray tarixçisi olmayan, xalq içindən çıxmış, kimliyi bəlirsiz müəllifin Şah İsmayıla sevgisi süni deyildir, təbiidir və onun Şah İsmayıl haqqındakı tərifləri sifariş əsasında yazılmamış, müəllifin öz qəlbindəki və xalq arasındakı səmimi məhəbbətdən meydana gəlmişdir. Lakin buna baxmayaraq, anonim müəllif saray xadimi olmadığı üçün “bəzi hallarda Şah İsmayıla qarşı açıq tənqidlər yönəltməkdən çəkinmir” [54, s.252; 67, s.37]. Məsələn, əsərin bir neçə yerində, ibrət olsun deyə, Şah İsmayılın yol verdiyi nöqsanlar və hərbi-siyasi səhvlər göstərilir, xüsusən də onun lovğalıq və özündənrazılıq kimi hissləri tənqid hədəfinə çevrilir [57, s.46,369,520; 59, s.50-51,314,477]. Müəllifin xoş niyyətdən doğan tənqidləri də tərifləri qədər səmimidir. Bu amil bizim müəllifin, sa-ray tarixçilərindən fərqli olaraq, öz əsərini daha sərbəst düşüncə tərzi ilə qələmə almasından qaynaqlanmışdır və əsərin dəyərini artıran cəhətlərdəndir. Sadə xalqın təmsilçisi olduğu və öz əsərini xalq rəvayətləri əsasında yazdığı üçün onun Şah İsmayıla münasibəti, eyni zamanda xalqın Şah İsmayıla və öz tarixinə olan münasibətinin göstəricisidir. Hazırkı məqaləmizdə “Aləmara”nın materialları əsasında Şah Xətainin şəxsiyyətini dəyərləndirməyə və onun xalq içində formalaşmış obrazını canlandırmağa çalışacağıq.

Zahiri görkəmi və siyasi qüdrəti

Şah İsmayıl Səfəviyyə təriqətinin mürşidi Şeyx Heydərin Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı Aləmşah bəyimlə nikahından doğulan üçüncü oğlu idi. İsmayılın babası Şeyx Cüneyd, atası Şeyx Heydər və böyük qardaşı Sultan Əli XV əsrin ikinci yarısında bir-birinin ardınca üç dəfə şiə yönümlü şüarlar altında öz dövlətlərini qurmaq uğrunda mübarizəyə qalxsalar da, müvəffəqiyyət qazana bilməmiş və onların hər üçü qətlə yetirilmişdi [57, s.22-34; 59, s.26-38]. Cənubi Azərbaycanın Ərdəbil şəhərində dünyaya göz açmış Şah İsmayıl özünün 37 illik ömrü ərzində çox keşməkeşli bir həyat yolu keçmişdir. O, hələ bir yaşında ikən atasını itirdikdən sonra əvvəlcə bir müddət həbsə atılmış, qardaşı Sultan Əlinin ölümündən sonra isə, lələsi Hüseyn bəy Şamlu başda olmaqla sadiq tərəfdarları vasitəsilə Gilanın Lahıcan şəhərinə qaçırılaraq orada gizlədilmişdi. O, Gilanda olarkən hərbi təlimlərlə yanaşı elm öyrənmiş, xüsusən də “Quran” kitabını hər gün qiraət etmişdir. Nəhayət, 12 yaşına çatıb 13 yaşa adlayarkən Hüseyn bəy Şamlu də daxil olmaqla 7 nəfər yaxın silahdaşı ilə birlikdə Gilanı tərk etmiş, tezliklə fədakar türk qızılbaş tayfalarını ətrafına toplayaraq mübarizə meydanına atılmış və nəticədə, 1500-01-ci illərdə Şirvanşah Fərrux Yəsarı və Ağqoyunlu Əlvənd mirzəni məğlub edərək, Azərbaycan Səfəvilər dövlətinin əsasını qoymuşdu [57, s. 33-60; 59, s.37-64].

“Aləmara” ilə tanış olmayan İran tarixçisi Ə.Tahiri “Səfəvi mənbələrinin heç birində onun (Şah İsmayılın – N.M.) üzünün, bədən dərisinin, saçının rəngi və ya bu kimi zahiri əlamətləri haqqında heç bir qeydə rast gəlinməməsindən” şikayətlənir [63, s.146]. Halbuki digər müvərrixlər-dən fərqli olaraq, bizim müəllif İsmayılın xarici görünüşünü təsvir edir, onun hakimiyyətə gəlmək ərəfəsində “başına qırmızı tac qoymuş, 14 yaşlı, şabalıdı saçlı, ağ üzlü və qoç baxışlı bir cavan” ol-duğunu bildirir [57, s.42; 59, s.46]. Şah İsmayılın müasiri olmuş italiyalı səyyahların müşahidələri “Aləmara”nın bu məlumatını təsdiq edir və tamamlayırlar. Onlar Şah İsmayılın ağbəniz, yaraşıqlı, orta boylu, mütənasib bədən quruluşlu, enlikürək, şabalıdı saçlı və solaxay olduğunu, bığ saxladığını yazırlar [53, s. 111,202]. Şah İsmayılın “Aləmara” nüsxələrində əksini tapmış rəsmləri də onun görkəmini təsəvvür etmək baxımından maraq doğururlar. Əsərin Tehrandakı Rza Abbasi Muzeyinə məxsus əlyazmasında 21 miniatür vardır və 10 miniatürdə Şah İsmayıl əksini tapmışdır. Tehrandakı İran İslami Şura Məclisi kitabxanasına məxsus 635 saylı nüsxəyə çəkilmiş 15 miniatürün 9-u Şah İsmayıla həsr edilmişdir. İrlandiyanın Dublin şəhərindəki Çester-Bitti kitabxanasına məxsus nüsxədə isə 18 miniatürdən 3-də Şah İsmayıl təsvir olunmuşdur [miniatürlərin siyahısı üçün bax: 14, s.375-378]1.

Azərbaycan torpaqlarını birləşdirməyə nail olmuş Şah İsmayıl qısa müddət ərzində Sultan Murad Ağqoyunlu (1503), Əmir Hüseyn Kiya Çəlavi (1504), Rəis Məhəmməd Kərrə (1505), Kürd Sarom xan (1506), Əlaüddövlə Zülqədər (1507), Barik bəy Pornak (1508), Məlik Fəyyaz Müşəşəyi (1508), Məhəmməd Şeybani xan (1510) və b. kimi rəqiblərini sıradan çıxararaq, istinadgahı Azər-baycan, rəsmi ideologiyası şiəlik olan nəhəng bir türk imperatorluğu yaratmağa nail oldu. Sultan Səlim öz məktublarında onu qədim türk hökmdarı Əfrasiyab (Alp Ər Tonqa) ilə eyniləşdirir [44, s.12]2, Əhl-i Həqq təriqətinə bağlı Azərbaycan əhalisi arasında məşhur olan şeirlərdə isə o, “Tür-küstanın piri”, “Azərbaycan türklərinin başçısı” kimi xarakterizə olunurdu [36, s. 73,76,80; 48, s. 1006a]. “Aləmara”nın məlumatına görə, “o şəhriyarın qısa bir müddət ərzində Gilandan 7 nəfər sufi ilə birlikdə, xəzinəsiz və ordusuz xüruc edib, belə bir kiçik zaman müddətində neçə-neçə yüksək şan-şöhrətə malik padşahları öz yolundan kənarlaşdıraraq bu böyüklüyündə həşəmətə yüksəlməsi” hələ onun öz müasirlərinin heyrətinə səbəb olmaqda idi [57, s.145; 60, v.37a].

Şah İsmayıl öz hakimiyyətini iki təməl prinsip üzərində qururdu: o, ata tərəfdən Ərdəbil şeyxləri nəslindən olmaqla özünü Həzrət Əli xilafətinin davamçısı hesab edir, digər tərəfdən də ana xətti ilə Uzun Həsənin nəvəsi olmasına əsaslanaraq, banisi olduğu dövləti Ağqoyunlu dövlətinin qanuni varisi hesab edirdi [57, s.201; 59, s.111].

Şah İsmayıl Xətai “mənəm həm pir ü həm sultan-i aləm” deyərək, özünün həm dini, həm dünyəvi rəhbər olduğunu açıqlayırdı [20, s.139]. Səfəvi şahı özündə dini və dünyəvi hakimiyyəti birləşdirmiş mütləq və qeyri-məhdud hökmranlığa malik monarx, qaynaqların dili ilə desək, “Allahın yer üzündə kölgəsi” idi [57, s.575,598,611; 59, s.555,577]. Seyid olduqlarını bildirərək, peyğəmbər nəslinin qanuni varisi və qeybdə olan on ikinci imamın nümayəndələri kimi çıxış edən Səfəvi şahları hakimiyyət məsələsində “vilayət” (Həzrət Əli və Həzrət Fatimə vasitəsilə peyğəmbər nəslinin hakimiyyəti) prinsipini irəli sürürdülər [18, s.27].

Digər Səfəvi mənbələrində olduğu kimi, “Aləmara”da da Şah İsmayıl yeddinci şiə imamı Musa əl-Kazim vasitəsilə peyğəmbər nəslindən hesab olunur və “xələf-i dudman-i vilayət”, “şəh-riyar-i kişvər-i imamət” adlandırılır [57, s.497; 59, s.136,290]. Fanatik əhval-ruhiyyədə olan “Aləmara” müəllifi Səfəvi sülaləsinin on ikinci imamın zühuruna kimi hakimiyyətdə qalıb, “küfrü yer üzündən silməli” olduğunu [57, s.12; 59, s.15] yazaraq əlavə edir ki, “onların dövləti əmr sahibi olan həzrətin (on ikinci imamın) – ona salam olsun – zühuruna kimi zaval görməyəcəkdir” [57, s.22; 59, s.27]. Şah İsmayılın “Allahın və doğru yol göstərən imamların tərəfindən xüruc edib, on iki imamın haqq məzhəbinə rəvac vermək məqsədi daşıdığını” [57, s.69; 59, s.73] bildirən “Aləmara” müəllifi ona şahlığın “Nəcəf şahından (Həzrət Əlidən) miras qaldığını” [57, s.193; 60, v.49b] və Şah İsmayılın “Həzrət Sahibüz-Zamanın varisi və naibi” olduğunu qeyd edir [57, s.379; 60, v.97b]. Əslində, Səfəvi şahları özlərini qeybdə olan on ikinci şiə imamının qanuni nümayəndəsi elan etməklə, o vaxta qədər bu funksiyanın daşıyıcıları olan şiə müctəhidlərinin rolunu mənimsəməyə cəhd edirdilər [bax: 50, s.186-194]. Səfəvi mənbələrində əksini tapmış bir rəvayətə görə, İsmayıl xüruc etmək iznini məhz İmam Sahibüz-Zamandan almışdı [57, s.42-43; 59, s.46-47; 55, s.86-88; 45, s.275]. Təsadüfi deyil ki, Şah İsmayıl öz çıxışlarında deyirdi: “Mən özümü hamısı məsum olan əlahəzrət imamların mülazimlərindən biri hesab edirəm və bu müddət ərzində gördüyüm işləri o həzrətlərin göstərişi ilə etmişəm” [57, s.348; 59, s.291-292]. O, bir sıra hallarda qəbul etdiyi mühüm qərarları yuxuda Həzrət Əlini görüb birbaşa ondan göstəriş alması ilə izah edirdi [57, s.39,51,60,119,160,361,623; 59, s.43,55,64,94,306,600]. Sonralar I Şah Təhmasib də bu üsuldan geniş surətdə bəhrələnmişdir [17, s.29-30]. Xətai “Divan”ının tədqiqi əsasında S.Əliyarlı belə bir nəticəyə gəlmişdir ki, Şah İsmayıl hakimiyyətə gəldikdən sonra özünü imamın təcəllası kimi təqdim etməyə çalışırdı [3, s.185-186].

Səfəvi şahı həm də Səfəviyyə təriqətinin mürşid-i kamili, qızılbaş döyüşçüləri isə onun müridləri hesab olunurdular. Digər sufi təriqətlərində olduğu kimi, Səfəviyyə təriqətində də hələ lap əvvəldən qəbul edilmiş normalara əsasən sufilər, müridlər öz mürşidlərinə sözsüz və qeyd-şərtsiz tabe olmalı, onun göstərişlərini müzakirə etməməli idilər [6, s.72-73,113-114]. Buna görə də Səfəvi şahının əmrlərini yerinə yetirməmək və ona qarşı çıxmaq “nasufilik” və “küfr” hesab olunur və ölümlə cəzalandırılırdı [57, s.107,202,341; 59, s.86,113]. Qızılbaş əmirləri Qara Piri bəyin və Danə Məhəmməd bəyin “Aləmara”da əksini tapmış çıxışlarından və başqa qaynaqlardan aydın olur ki, qı-zılbaşlar arasında İsmayılın müqəddəsliyinə fanatik bir inam mövcud idi və onlar onun yolunda ölümə atılmağı özlərinə şərəf bilirdilər [57, s.55,351,525; 59, s.59-60,294-295,492; 53, s.206]. Şah İsmayılı sevənlər onu fövqəlinsan hesab edir və kəramət sahibi olduğuna inanırdılar [19, s.12]. Şa-hın tərəfdarları öz mürşidlərini qeyri-adi bir mənəvi qüdrət sahibi kimi tanıyır və ona səcdə edirdilər: “[Şah İsmayılın] kəramətini müşahidə edən sufilərin hamısı səcdəyə düşdülər və dedilər: Həqiqətən də, o, Mürtəza Əli Əleyhissəlamın övladıdır. Mürşid belə olsun gərək!” [57, s.107; 60, v.27b].

Qızılbaşlar hətta Həzrət Əlinin Şah İsmayılda təcəlla etdiyini düşünürdülər. “Aləmara” müəllifinin etirafına əsasən, Çaldıran döyüşünə qədər İsmayılın ardıcıl qələbələr qazanması və bütün döyüşlərdə fəal iştirak etməsinə baxmayaraq, bir dəfə də olsun yaralanmaması ona gətirib çıxarmışdı ki, “qızılbaş camaatı yoldan azmağa yaxın idi və həmişə deyərdilər ki, “hami özüdür”, yəni Mürtəza Əli Əleyhissəlam odur ki, gəlmişdir” [57, s.525; 59, s.492]3. Bu məlumatı İsgəndər bəy Münşi də təsdiq edir: “Əgər Çaldıran döyüşündə də o həzrət zəfər qazansaydı, onda belə bir təhlükə vardı ki, qızılbaş tayfalarının sadəlövhlərinin o həzrətin şanı barəsindəki əqidəsi və inancı elə bir həddə çatardı ki, onların etiqad ayağı din və imanın doğru yolundan azıb, onları səhv gümanlara doğru aparardı” [9, s.117]. İtaliyalı Dr. Rota 1508-ci ildə Hələbdən raport verirdi ki, İsmayıl “öz saray adamları və təbəələri tərəfindən peyğəmbər kimi qəbul edilir” [47, s.450]. Ağ-qoyunlu Sultan Yaqubun (1478-1490) saray tarixçisi Xunci hələ onun babası Cüneydin və atası Heydərin müridlər tərəfindən ilahi müqəddəslər kimi tanındığını yazmışdır [39, s.80]. Azərbaycana səyahət etmiş bir venesiyalı tacirə görə, İsmayıl öz xalqı, xüsusən də əsgərləri tərəfindən sevilir və ilahiləşdirilirdi, amma onun özü “Tanrı və ya peyğəmbər adlandırılmasından heç də xoşlanmırdı” [53, s.206]. Lakin Çaldıran vuruşmasının ardından vəziyyət dəyişdi: “Sufi qızılbaşların pərəstişkarlıq həvəsi Çaldıran məğlubiyyətindən sonra sovuşdu. Buna baxmayaraq, mütləq avtokra-tiya vəziyyəti Səfəvi şahlarında mürşid-i kamil rolunun mirası kimi qaldı” [43, s.85].

Səfəvilər dövlətinin banisi I Şah İsmayıl ata tərəfdən seyid olduqları söylənilən ərdəbilli türk şeyxlərinin nəslindən olmaqla və bu vasitə ilə hakimiyyət məsələsində “vilayət” prinsipini ortaya qoyaraq, özünün Həzrət Əlinin davamçısı olduğunu irəli sürməklə yanaşı, ana tərəfdən də Ağqoyunlu hökmdarı Uzun Həsənin nəvəsi idi və özünü həmin sülalənin qanuni varisi hesab edirdi [51, s.339,341; 40, s.36]. Ağqoyunlu və Səfəvi sülalələri arasındakı hüquqi varislik prinsipləri o dövrün bir sıra mənbələrində öz əksini tapmışdır. “Aləmara”da Şah İsmayılın 1501-ci ildə hakimiy-yətə gəlməsi ilə bağlı fəsil “Şah İsmayılın Təbrizdə Həsən padşahın taxtına əyləşməsi” kimi xarakterizə olunur [57, s.59-60; 59, s.63]. İsmayıl Təbrizə daxil olduqdan sonra məhz babası Uzun Həsənin qızıl taxtına əyləşərək, özünü şah elan etmişdi. Bu aksiya heç də təsadüfi xarakter daşımırdı. İsmayıl bununla özünün Ağqoyunlu sülaləsinin hüquqi varisi olduğunu nümayiş etdirirdi. O, Uzun Həsənin varisi kimi hakimiyyətə gəldikdən sonra bütün Ağqoyunlu valilərinə məktub yazaraq, itaət tələb etmiş [57, s.61; 59, s.65] və hərbi-siyasi vasitələrlə 1508-ci ilədək bütün Ağqoyunlu ərazilərini öz hakimiyyəti altına ala bilmişdi.

Əsərdə Şah İsmayılın öz dilindən onun hakimiyyəti aşağıdakı kimi səciyyələndirilir: “Bu gün dövlət Həsən padşahın xanədanından alınıb və onun qızının oğluna keçib… Və mən, Allahın və əlahəzrət məsum imamların tərəfindən rüxsət almışam ki, cahanı zülm və tüğyan əhlinin vücudundan pak edim və Allahın vəlisi olan Əlinin doğru dininə rəvac verim” [57, s.201; 59, s.111]. Şah İsmayılın bu sözlərindən də aydın olur ki, Səfəvi şahının hakimiyyəti iki təməl prinsipə söykənirdi: Ağqoyunlu padşahları ilə qohumluq əlaqələri və peyğəmbər nəslinin davamçısı olmaq iddiaları. Səfəvi hökmdarı özünün iqtisadi siyasətində Həsən padşahın qanunlarından bəhrələnirdi [57, s.95; 60, v.24b; 42, s.100].

 

 



Qafqaz İslam Ordusunu Azərbaycana gətizdirən kim idi?
21:45 / 23-11-2017
VƏLİQULU BİN DAVUDQULU ŞAMLININ “QİSƏSÜL-XAQANİ” ƏSƏRI
23:11 / 15-11-2017
Mühacir Azərbaycan Türk aydınlarının milli tarixi-fəlsəfi irsi (I yazı)
22:49 / 15-11-2017
S.Ə.Kəsrəvinin, “kəşf etdiyi Azəri dili” Ərəb mənbələrindəki Azəri dili deyil
22:42 / 15-11-2017
Алекпер Алекперов: К локализации и происхождению названия Аратта
23:10 / 13-11-2017
Azərbaycan dövlətinin adının yaranma tarixi barədə (IV yazı)
22:39 / 13-11-2017
“Müsavat” firqəsinə 100 il sonra baxış
01:09 / 07-11-2017
Urmiyədə “Azərbaycan Mədəniyyət Ocağı” Dərnəyi təsis edilib
00:56 / 25-10-2017
Səfəvilər dövründə Ərdəbildə xəttatlıq və katib sənəti
00:35 / 25-10-2017
Qacarlar "İran" demək deyil - Faiq Ələkbərli
23:12 / 13-10-2017
ОТВЕТ В.А.ШНИРЕЛЬМАНУ
23:08 / 13-10-2017
Könüllərin Fatehi: Şah İsmayıl Xətai (III hissə)
21:47 / 12-10-2017
Tarixdə ilk Qızılbaş hərəkatı - Babailər
22:27 / 09-10-2017
Nadir şahın hərbi dəniz donanması yaratmaq cəhdləri
22:15 / 09-10-2017
Qafqazda erməni dövlətinin yaranması (III hissə)
20:29 / 06-10-2017
Könüllərin fatehi: Şah İsmayıl Xətai (II hissə)
20:25 / 06-10-2017