BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Qafqazda erməni dövlətinin yaranması (II hissə )

22:40 / 03-10-2017   /   baxış - 184

Firdovsiyyə Əhmədova,

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının

«Tarix» kafedrasının müdiri,

əməkdar müəllim

 

Ənvər paşa da eyni mövqedən çıxış edirdi: “Xəlil bəyin teleqramından anlaşıldığına görə, ermənilər bizdən kaybetdikləri ərazilərə müqabil Cənubi Qafqaz müsəlmanlarına aid ərazidən bir qisim almaq istəyirlərmiş və müsəlmanlar da buna muvafakat edəcəklərmiş. Məncə bu tamamilə yanlışdır. Əgər bu gün Qafqazda beş-altı yüz min əhalisi olan və kafi miqdarda əraziyə malik kiçik bir Ermənistan təşəkkül edərsə, gələcəkdə əmrləri Amerikadan alaraq, o tərəfdən gələn ermənilərlə bu hökumət milyonlarla əhaliyə sahib olacaqdır. Və bizim üçün şərqdə bir Bolqarıstan daha yaranar ki, bu da bizim üçün Rusiyadan daha zərərli bir düşmən olar. Çünki ermənilərin bütün mənafe və əməlləri bizim məmləkətimizdədir. Dolayısıyla, bu təhlükəni indidən ortadan qaldırmaq üçün ermənilərin kiçik bir hökumət halında belə təşəkkül etməməsini və müsəlmanlarla gürcülər arasında, bizim qüvvətlərimizin yardımı və təsirinin ən çox olduğu bu dövrdə bölüşdürülməsini, müsəlmanların ermənilərə heç bir haqq və ərazi verməmələrini təmin etməyi və bununla yanaşı bu gün ermənilərin əlində olan müsəlmanların yaşadıqları İrəvan kimi məntəqənin belə müsəlmanlar tərəfindən işğal edilərək, bu surətlə müsəlmanlar yaşayan yerlərin ermənilərin əlindən qurtarılmasına xüsusilə cəhd göstərilməsini üstün tuturam. Mənafeyimizə ən çox uyğun olan bu şəkil gerçəkləşməzsə, onda ermənilərə də bir mövcudiyyət verilməsi qaçılmaz olar. Belə olan təqdirdə, ermənilərin gələcəkdə vücud bularaq yaşamayacaq surətdə olduqca çox zəif bir halda bırakılmalarına çalışmaq lazımdır. Həm hökumətimizin, həm də Qafqazdakı müsəlmanların indiki və gələcəkdəki mənafeləri ancaq bu surətlə təhlükədən qurtarıla bilər…”.(11)

Tələt və Ənvər paşalardan fərqli olaraq Xəlil bəy və Vehip paşa ermənilərin istəyini və real vəziyyəti nəzərə aldıqlarını bildirirdilər. Xəlil bəy Tələt paşaya göndərdiyi 28 may 1918-ci il tarixli şifrəli teleqramında yazırdı: 
“…Vehib paşa həzrətləri … Gümrüdə beş min evdən yalnız iki yüz evin müsəlman olduğunu və Aleksandropol sancağında iki yüz əlli min erməni bulunduğunu və bizə ilhaqdan sonra nə yolda idarə edilə biləcəyində çaşqın bulunduğunu söylədi. Yüzdə səksən beşi erməni olan Axalkələk qəzasıyla digər yerlərlə bərabər olduqca dağlıq və sarb bir məmləkətdə dörd yüz minə yaxın erməni başımıza alıyoruz deməkdir. İnşaallah sonunu xeyirli etsin. Rus ermənilərinin bizimkilərin tərbiyəçisi və müəllimi olduğunu da nəzəri-diqqətə alıram. Hərhalda çox xətalı bir yolu təqib etməkdə olduğumuzda israr edirəm. Ermənilərin Bolqarıstana bənzədilməsi fərqli müqayisədir. Bolqarıstan Avropada və İstanbul yolunun üzərindədir. Böyük Slavyan ailəsinin cüzi və böyük bir siyasət pişdarıdır və bizi İstanbula doğru sıxışdıraraq arxasını böyük xristian dövlətlərinə istinad etdirmişdir. Asiyada və böyük türk dövlət və millətlərin əhatəsində qalacaq olan ermənilərin qonşularına tabe olmaqdan başqa çarəsi yoxdur. Bu günkü yarım tədbir həm bizi, həm də Qafqazı yakacakdır və bəlkə məsələni daha da çətinliyə yuvarlayacaqdır…”(11).         1918-ci il mayın 28-də ermənilər müstəqil dövlət yaratdıqlarını bəyan etdikdə belə, azərbaycanlıların hansı addımı atacaqlarından narahat idilər. Azərbaycanın müstəqil dövlət olacağı yaxud Osmanlı dövləti ilə ilhaqı seçimini güman edən ermənilər təşviş içində Azərbaycan Milli Şurasının qərarını gözləmiş və nəticədən daha artıq şadyanalıq keçirən onlar olmuşdur.

Zaqafqaziya Seyminin keçmiş müsəlman üzvlərinin fövqəladə 27 may tarixli iclasında Batumdan qayıdan Nəsib bəy Yusifbəyli məruzə edərək Türkiyə nümayəndə heyətinin mövqeyini bildirmişdir (14, s.117-118). Türkiyənin Cənubi Qafqazın müstəqilliyinin saxlanmasında qəti qərarlı olduğu və gənc dövlətin möhkəmlənməsi, güclənməsi işində öz köməyini göstərməyə hazır olduğu türk nümayəndə heyəti adından iclas iştirakçılarına çatdırıldı. Türkiyə nümayəndə heyətinin fikrincə, Cənubi Qafqazın güclənməsinin ən başlıca təminatının buradakı xalqların həmrəyliyi, birliyi olduğu, buna nail olmaq üçün azərbaycanlılar tərəfindən ermənilərə bir sıra ərazi güzəşti edilməsinin zəruri olduğu göstərilmişdir.

Beləliklə, 1918-ci il mayın sonunda Zaqafqaziya Seyminin üzvləri müştərək mövqe nümayiş etdirmək iqtidarında deyildilər. Regionla maraqlı xarici qüvvələrin təzyiqləri qarşısında öz mənafelərini uzlaşdırmağa cəhd göstərən yerli, siyasi qüvvələrin hakimiyyət təmsilçilərinin tam sərbəst qərar vermək imkanları məhdud olduğu kimi, öz xalqlarının müqəddəratı baxımından real şəraitdə yetərli gücə (hərbi, siyasi, maliyyə-iqtisadi) malik ola bilməmələri, bu səbəbdən xarici himayəyə möhtac məcburiyyətində dayaq qüvvə seçimi, birgə fəaliyyəti çıxılmaz hala gətirmişdi.

Rusiyanın bolşevik hakimiyyətinin Qafqazı, xüsusən də Bakını ciddi-cəhdlə əldə saxlamaq siyasəti, Böyük Britaniya hərbi qüvvələrinin regiona –Xəzər hövzəsinə israrlı müdaxilə səyləri, Almaniya-Osmanlı münasibətlərində gərginlik, Cənubi Qafqaz Seymi ilə Osmanlı dövləti arasında müharibə səviyyəsinə çatan siyasi-hərbi qarşıdurma, Gürcüstanda Almaniya təsirinin güclənməsi şəraitində Seymin Azərbaycandan olan təmsilçiləri bolşevik-daşnak qüvvələrinin Bakıda və digər qəzalarda müsəlmanlara qarşı törətdikləri kütləvi qırğınların qarşısını almaq zərurəti ilə Osmanlı dövlətini yeganə nicat yeri görürdülər. Ermənilərin vaxtilə köçürülərək yerləşdirildikləri bir sıra ərazilərin Osmanlı  dövlətinə güzəştə gedilməsi nəticəsində mövqelərinin güclənəcəyi qənaətində idilər. Ermənilərin «ingilis-rus siyasəti naminə türklərə qarşı fitnə-fəsadlara son qoyacaqları» şərtilə müstəqil dövlət yaratmalarına Türkiyənin razılıq verməsi Azərbaycan təmsilçilərinin dəstəkləmək seçimini müəyyənləşdirdi.

Rusiya imperiyasının köçürmələri və himayəsi nəticəsində Cənubi Qafqazda erməni varlığı real, hesaba alınmalı faktora çevrildi. Cənubi Qafqazda marağı olan bütün xarici dövlətlər bu regionda onların nüfuzu altında sabit vahid idarəçilik formasına üstünlük verirdilər. Bu layihənin baş tutmasında başlıca əngələ çevrilən erməni separatizmi fərqli forma və məzmunda mütəmadi olaraq ümumi vəziyyəti çıxılmaz böhran həddinə çatdırırdı. Ermənilərin dağıdıcı  mövqeyini təcrid etmək məqsədilə Osmanlı dövləti nəzarəti altına aldığı Eçmiədzin və Aleksandropol (Gümrü) ərazilərinin müqabilində İrəvanın siyasi mərkəz kimi yaradılacaq erməni dövlətinə keçməsini məqbul saydı. Bu addımı «tarixi zərurət, qaçılmaz bəla» kimi qəbul edən Azərbaycan Milli Şurası 1918-ci il mayın 29-da Tiflisdə, 19 nəfərin adı göstərilən sayca 3-cü iclasında İrəvanı ermənilərə güzəştə getdi (14, s.130). İclasın açılışında Şura üzvü F.x.Xoyski Şura nümayəndələrinin Erməni Milli Şurasının nümayəndələri ilə Azərbaycan və Erməni federasiyası ərazilərinin sərhədlərinə dair danışıqlarının nəticələri haqqında məruzə edir. Məruzəni bitirərkən F.x.Xoyski bildirir ki, Erməni federasiyasının yaradılması üçün onlara siyasi mərkəz lazımdır, Aleksandropolun Türkiyəyə keçməsindən sonra belə mərkəz yalnız İrəvan ola bilər, ona görə də İrəvanın ermənilərə güzəşt edilməsi qaçılmazdır.

Məsələ ilə bağlı Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Əkbər ağa Şeyxzülislamov, Məhəmməd Məhərrəmov çıxış edərək İrəvanın ermənilərə güzəştə gedilməsini tarixi zərurət, qaçılmaz bəla adlandırırlar. Məsələyə dair səsvermənin nəticələri protokolda belə qeyd olunmuşdur: 28 ümumi saydan 3 bitərəf olmaqla İrəvanın güzəşti lehinə 16 səs, əleyhinə 1 səs İrəvanın güzəştli lehinə 16 səs, əleyhinə 1 səs verilmişdir.

Protokolda təsbit olunmuş ifadəyə görə erməni dövlətinin Erməni federasiyası formasında yaradılacağının nəzərdə tutulduğu diqqətə alınmalıdır. İrəvanın güzəştə  gedilməsinə dair səsvermədən dərhal sonra ermənilərlə konfederasiya təşkil etmək haqqında məsələnin müzakirəsinə keçilmişdir. Qısa fikir mübadiləsindən sonra bu məsələ də səsverməyə qoyulmuş və Azərbaycanla Ermənistanın gələcəkdə konfederasiya tipli quruluş qaydası yekdilliklə qəbul olunmuşdur (14, s.131).

Zaqafqaziya Seymi dağıldıqdan sonra erməni Milli Şurası Tiflisdə Ermənistan (Ararat) Respublikasının yaradıldığını elan etdi. Onun ərazisi Osmanlı dövləti ilə bağladığı müqaviləyə görə 10 min kv.km. müəyyən edilirdi. Ermənilər tərəfindən O.R.Kaçaznuni, A.Xatisyan və M.Papacanovun imzaladıqları 14 maddədən ibarət Batum müqaviləsinə əsasən Eçmiədzin və Aleksandropol Türkiyəyə keçir, Türkiyə Aleksandropol-Culfa dəmir yolundan istifadə etmək hüququ alırdı. Ararat Respublikasının sərhədi İrəvan yaxınlığından keçirdi, ixtiyarında cəmi 6 km-lik dəmir yolu qalmışdı (1, c.1, s.248). Erməni hökuməti də gürcü hökuməti kimi öz ərazisində yaşayan müsəlman əhalisinin təhlükəsizliyini, azad inkişafını təmin etmək, ana dilində təhsil almaq, dini ayinlərin sərbəst icrasına şərait yaratmaq haqqında təəhhüd götürürdü.

İrəvanın ermənilərə güzəşt edildiyi gün, mayın 29-da hökumət başçısı F.x.Xoyski Batumda olan xarici işlər naziri M.-H.Hacınskiyə yazırdı: «Biz ermənilərlə bütün mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və müharibəyə son verəcəklər. Biz İrəvanı onlara güzəştə getdik». İrəvan quberniyasının da daxil olması mütləq sayılan Azərbaycan muxtariyyəti artıq müstəqil dövlət kimi bəyan ediləndə İrəvandan məhrum olur. Bu məhrumiyyətlə barışmaq istəməyən əslən İrəvandan olan Şura üzvləri Mir Hidayət Seyidovun, Bağır Rzayevin və Nəriman bəy Nərimanbəyovun imzaladıqları İrəvan şəhərinin erməni respublikasına güzəştə gedilməsinə dair etirazı Milli Şuranın 1 iyun tarixli növbəti, 4-cü iclasında səsləndirildi (14, s.132). Milli Şura protesti müzakirə olunmadan iclas protokoluna əlavə etməyi qərara aldı. Elə həmin iclasda Şura üzvləri İrəvan şəhərinin Erməni Federasiyasına güzəşt edilməsi məsələsi və qaçqınlara yardımın təşkili ilə əlaqədar İrəvana nümayəndə heyətinin göndərilməsinin zəruriliyi məsələsini qaldırırlar. Təklif qəbul olunur və nümayəndə heyətinin tərkibinə M.-H.Seyidov, M.Rzayev, M.-Y.Cəfərov seçilirlər (14, s.133).

Müsəlman Milli Şurasının növbəti, 5-ci iclasında Şura sədrinin müavini M.-H.Seyidov sədrlik edir. 7 iyun tarixli bu iclasda İrəvanla bağlı məsələ yenidən qızğın müzakirə doğurur. Hökumət başçısı F.x.Xoyski hökumət nümayəndələrinin Erməni Milli Şurasının nümayəndələri ilə İrəvana dəmir yolunun açılmasına, erməni və müsəlman Milli Şuralarının Bakı hadisələrinə, Bakının bolşeviklərdən azad olunmasına münasibətlərinə dair aparılan danışıqlar haqqında məlumat vermişdir. İrəvana dəmir yolunun açılması və dəmiryol xəttinin müsəlman əhalili ərazidən keçən hissəsində hərəkətin təhlükəsizliyini təmin etmək haqqında məsələnin həlli hökumətə həvalə olunmuşdur. Milli Şuranın 1 iyun tarixli qərarına əsasən İrəvana nümayəndələrin göndərilməsinə dair məsələ qızğın müzakirə doğurmuş, İrəvan quberniyasının nümayəndəsi Rzayev belə bəyan etmişdi ki, “Mən əminəm ki, İrəvan quberniyasına sizlərdən heç kim getməyəcəkdir, oraya biz, irəvanlılar, mən və Seyidov gedəcəyik, amma bir şeyi sizdən xahiş edirik: öz müstəqil Azərbaycanınızı yaradıb, bizi, Ermənistan Respublikası ərazisində qalanları yaddan çıxartmayın”. Belə bəyanatın əsassız olmadığını İrəvandan alınan həyəcanlı məlumatlar bir daha təsdiqlədi. Bir həftə ötməmiş, iyunun 13-də, artıq Azərbaycan Milli Şurası kimi göstərilən Şuranın növbəti, 6-cı iclasında İbrahim ağa Vəkilov İrəvandakı vəziyyət barəsində məruzə edir, müsəlman qaçqınların halını Şura üzvlərinə çatdıraraq aclıq çəkənlərə 150.000 rubl ayrılmasını təklif edir. Natiqin təsirli nitqindən bəlli olur ki, qəzalarda sərgərdan qaçqınların sayı 150.000-ə çatmış, onların arasında müxtəlif  epidemiyalar tüğyan edir, hər gün aclıqdan ölüm halları baş verir. Buna görə də natiq ərzaq, geyim və təsərrüfat malları ilə təcili yardım göstərmək lazım olduğunu söyləyib, zərərçəkənlərin sayını bildirmiş və 206 dağıdılmış kəndləri sadalamışdır. İclas 3 bənddən ibarət qərar qəbul etmişdir: 1) Qaçqınlara paylamaq üçün nəğd olan bütün pul vəsaitini dərhal nümayəndələr vasitəsilə İrəvan mahalına göndərmək; 2) Erməni Şurasından onun sərəncamında olan təchizat ehtiyatlarından imkan daxilində aclıq çəkən müsəlmanlara ayrılmasını xahiş etmək; 3) İrəvan qaçqınlarına, hətta borc olaraq ərzaq yardımı göstərilməsi xahişi ilə türk qoşunları komandanına müraciət etmək; müsəlmanları doğma kəndlərinə qaytarmaq üçün ciddi sərəncamlar verməsini xahiş etmək. Azərbaycan Milli Şurası və hökuməti Gəncəyə köçməklə yaranmış hakimiyyət gərginliyi şəraitində məsuliyyətli qərarlar qəbul etmək məcburiyyətində qalır. Azərbaycan Milli Şurası buraxılır və «bütün hüquq və səlahiyyətini» F.x.Xoyskinin sədrliyi altında təşkil edilən hökumətə həvalə edir.

 

 

 



Qafqaz İslam Ordusunu Azərbaycana gətizdirən kim idi?
21:45 / 23-11-2017
VƏLİQULU BİN DAVUDQULU ŞAMLININ “QİSƏSÜL-XAQANİ” ƏSƏRI
23:11 / 15-11-2017
Mühacir Azərbaycan Türk aydınlarının milli tarixi-fəlsəfi irsi (I yazı)
22:49 / 15-11-2017
S.Ə.Kəsrəvinin, “kəşf etdiyi Azəri dili” Ərəb mənbələrindəki Azəri dili deyil
22:42 / 15-11-2017
Алекпер Алекперов: К локализации и происхождению названия Аратта
23:10 / 13-11-2017
Azərbaycan dövlətinin adının yaranma tarixi barədə (IV yazı)
22:39 / 13-11-2017
“Müsavat” firqəsinə 100 il sonra baxış
01:09 / 07-11-2017
Urmiyədə “Azərbaycan Mədəniyyət Ocağı” Dərnəyi təsis edilib
00:56 / 25-10-2017
Səfəvilər dövründə Ərdəbildə xəttatlıq və katib sənəti
00:35 / 25-10-2017
Qacarlar "İran" demək deyil - Faiq Ələkbərli
23:12 / 13-10-2017
ОТВЕТ В.А.ШНИРЕЛЬМАНУ
23:08 / 13-10-2017
Könüllərin Fatehi: Şah İsmayıl Xətai (III hissə)
21:47 / 12-10-2017
Tarixdə ilk Qızılbaş hərəkatı - Babailər
22:27 / 09-10-2017
Nadir şahın hərbi dəniz donanması yaratmaq cəhdləri
22:15 / 09-10-2017
Qafqazda erməni dövlətinin yaranması (III hissə)
20:29 / 06-10-2017
Könüllərin fatehi: Şah İsmayıl Xətai (II hissə)
20:25 / 06-10-2017