BÜTÖV AZƏRBAYCAN OCAQLARI
ELÇİ (roman) - BİRİNCİ HİSSƏ

12:37 / 25-01-2017   /   baxış - 109

ƏVVƏLİNİ OXUMAQ ÜÇÜN TIKLAYIN

 

Qeyd: bu romanda obrazlar daxil, təsvir olunan bütün hadisələr və qurumlar xəyal məhsuludur. Gerçəkliklə yaxından-uzaqdan heç bir əlaqə kəsb etmir.

 

1-Cİ  HİSSƏ

 

    Bir il əvvəl... İstanbul... Axşamçağı idi. Batmaqda olan günəşin al şüaları boğazın mənzərəsini əsrarəngiz edirdi. Sahildə bir skamyada yan-yana iki tünd geyimli adam oturmuşdu. Çoxdan gəlmələrinə baxmayaraq hələ ki heç biri dinib danışmır, dənizə doğru elə hey tamaşa edirdilər. Nəhayət, bir qədər sonra tərəflərdən biri danışmağa qərar verdi və:

-          Bu çox təhlükəli oyun olacaq, Mete – dedi.

    “Mete” adlanan gənc dəliqanlı düşüncəli tərzdə dənizə doğru baxaraq:

-          Bilirəm, cənab polkovnik və mən bu oyuna hazıram. – hazırcavablığını və qətiyyətli olduğunu nümayiş etdirdi.

    Metenin tərəf müqavili ciddi görünüşlü, enlikürək, kostyum geyinsə də, hərbçi olduğu bilinən, bığlı, yaşı 50-yə yaxın olsa da, gümrah qamətli, şux duruşlu, sərt baxışlı biri idi. Danışarkən nadir hallarda gülümsəyən, səs tonundan böyük bir dövlət adamını xatırladan bu adam onun illər öncəki komandiri, hərb və kriminalistika sahəsindəki müəllimi Kürşad Ercan idi. Bu gün isə buraya yeni bir qeyri-rəsmi əməliyyata başlamaq qərarı vermək üçün gəmişdilər.

-          Deməli belə, bu layihədə sənin kod adın “Elçi” olacaq. – deyə Kürşad bəy Meteni təlimatlandırmağa başladı.

 

-          Olsun. Amma niyə məhz “Elçi” ? – Mete gülümsəyərək keçmiş komandiri, indiki əməliyyat rəisi olan Kürşad bəydən soruşmağı lazım bildi.

 

-          Bunun həm məntiqi, həm də ideoloji tərəfi var. – Kürşad bəy qətiyyətlə bildirdi.

 

-          Hansı? Açıqlarmısınız, lütfən? – Mete maraqla soruşdu.

 

-          İdeoloji tərəfini özün taparsan, onu sənə deməyəcəyəm. – gülümsəyərək göz vurdu və davam etdi - Amma məntiqi tərəfi odur ki, hələlik sən bizim Azərbaycanda elçimiz olacaqsan. Oradakı mərkəzlə buranın daim əlaqəsini təmin edəcəksən. Və sən, Altay bəy kimi yerəl deyil, mərkəzlərimizin yerləşdiyi bölgələrə istənilən vaxt gedə bilən, bizim xüsusi təlimatlarımızı onlara çatdıran elçi olacaqsan. – fikrini aydınlaşdırmağa çalışdı Kürşad bəy.

    Mete rəisinə mənalı-mənalı baxdı və:

-          Bəs layihənin adı nə olacaq, bilmək olar? – deyə hər şeyi öyrənmək istəyirdi Mete.

 

-          Səncə, səninçün hələ tez deyil? – rəisi ona yerini başa salmaq üçün sordu.

 

-          Necə yəni? – pərt olmuş kimi dilləndi.

 

-          Mete, məni doğru anla. Ancaq bilməlisən ki, elə şeylər var, hələ səninlə paylaşa bilmərəm. – yaxın bir adam kimi anlatdı. – bu təşkilat çox ciddi və hər an təhlükədə ola biləcək qurumdur. Varlığımızdan çox az adamın xəbəri var və dövlətlərimizin rəhbərləri hər şeyə incəliklə, son ayrıntısına qədər diqqət etməyimizi istəyiblər.

 

-          Anladım. Çünki illərdir bu layihə müxtəlif səbəblərdən gerçəkləşə bilmir. Bu səfər şans yaranıb və biz o şansı cüzi bir səhvlə itirə bilərik. – deyəsən Mete hər şeyi olduğu kimi anlamışdı.

 

-          Elə isə vaxt itirməyək. Planlarımız, xəritələr, yol və yerləşmə xərciylə birlikdə ünvanına göndərdiyim əsas bütün dosyelərdən maraqlandığın və sənə gərək olacaq hər şeyi öyrənə bilərsən. İndi get hazırlaş, Elçi... – Kürşad bəy sözünü bitirdi və ayağa qalxdı.

 

    Komandiri oradan dərhal uzaqlaşsa da, Metenin hələ ki qalxmaq fikri yox idi. Səbəbini anlamadığı dərin narahatçılıq bürümüşdü içini. Odur ki, bir az oturub hava almaq və fikirlərini dağıtmaq istədi. Hər şeyin yaxşı olacağına inansa da, heç nədən cüzi bir qoxusu olmasa da, Mete nədənsə narahat idi. Bu narahatçılığın səbəbini axtarmağa isə nə həvəsi, nə də vaxtı yox idi. Və baxışları onu uzaqlıqdakı Qız Qalasına (Kız Kulesi) apardı. Beləcə o, indi tamam başqa şeylər haqqında düşünür, vətəni, ana-atasını tərk edəcəyi üçün darıxacağını unutmaq istəyirdi. Əsas da bir ay əvvəl ayrıldığı Arzunu...

    Qapının zəngi təkrar-təkrar çalınsa da, Mete bir anlıq xəyallara qapıldığı üçün hələ açmamışdı. Elə bu an masanın üzərinə qoyduğu mobil telefonu zəng çalmağa başladı.

    Telefonuna zəng edən adam qapıdakı ilə eyni adam idi. Metenin qapını açmağını görüb narahat olmuş, harada olmasını, nə etməsini dəqiqləşdirmək istəyirdi.

    Mete gülümsədi və qapını açdı. Deyəsən, o indi xəyal dünyasını tərk edə bilmişdi.

    Qapıda onun keçmiş komandiri, indiki əməliyyat rəisi Kürşad Ercan vardı. əyninə geydiyi tünd rəngli kostyum onu necə də xarizmatik və ciddi göstərirdi – deyə bir anlıq düşündü Mete. Kürşad bəy içəri daxil olub öncə onunla qucaqlaşdı, sonra qonaq otağına keçdi. Mete də onun arxasınca...

    On beş dəqiqə sonra onlar qarşılıqlı oturub qəhvə içirdilər.

-          Getməmişdən öncə dedim, sənə baş çəkib son təlimatlarımı verim, Mete. – deyə Kürşad bəy bildirdi.

 

-          Çox gözəl. Yaxşı etmişiniz. – Mete razılıqla gülümsədi.

 

-          Nədənsə, elə bil fikirli görünürsən? – Kürşad bəy nigaranlığını qeyd etdi.

 

-          Xeyir. Sadəcə bu aralar yaman yorğun oluram. – Mete gözlərini ovxaladı.

 

-          Halsızlığının səbəbini tezliklə öyrənmək lazımdır, Mete. Sağlamlıqla oyun olmaz.

 

-          Dedim ki, siz narahat olmayın, sadəcə gecələr az yatıram. Ona görədir.

 

-          Niyə? Mən ki düz bir aydır, sənə gecə işi vermirəm. – gülümsəyərək davam etdi – yoxsa... Yenə dinc durmursan, hə? Ayə, ağıllı ol, bura Türkiyə deyil ey, nə qədər olmasa sən burada yadsan. Başına iş açarasan... Azərbaycan kişiləri qadın mövzusunda Türkiyədəkilərdən həssas olurlar. Unutma! – Kürşad bəy yarı zarafat-yarı gerçək öz xəbərdarlığını etdi.

 

-          Əşi, mənə nə... İlişsəm yenə qurtarasınız da... – zarafatyana gülümsədi.

 

-          Ağlını başına yığ. Bu səfər elə şey olmayacaq. – Kürşad bəy ciddi olduğunu bildirdi. – imkan vermərəm ki, “Arzu hadisəsi” bir daha təkrar olunsun. Sən mənim və bu qurumun ən lazımlı adamısan, yaşın az olsa da...

 

-          Şef, xahiş edirəm, köhnə dəftərləri açmayaq. – gözü yol çəkən Mete acizanə tərzdə bildirdi.

 

-          O zaman ağlını başına yığ.

 

-          Əşi, qoydunuz ki, danışım? Mən gecələr heç hara çıxmıram. Narahat olmayın. Sadəcə kitab oxuyuram.

 

-          Hə, bax o olar. – Kürşad bəy nisbətən rahatladı və davam etdi. – amma çox özünü şəhid eləmə. Düzdür, mən tapşırmışam, boş vaxtlarında kitab oxuyasan, intellekt səviyyən, bilgin artsın, söz ehtiyatın çoxalsın deyə, amma daha gecə yatmayın, oxuyun, deməmişəm ki...

 

-          Deyəsən, layihə ilə bağlı narahatsınız? – Mete mövzunu dəyişmək istədi.

 

-          Hə. Bura gələndə “General” mənə xəbərdarlıq etdi. Rəqiblərimiz artıq hərəkətə keçiblər. Ehtimal olunur ki, mərkəzlər yaratdığımız hər ölkədə onların da bazaları var. Və işimiz heç də planlaşdırdığımız kimi asan olmayacaq.

 

-          Bütün bunları əvvəlcədən təxmin edirdik. Və kifayət qədər götür qoy etmişik. Axı əlavə narahatçılıq niyə? – Mete qayğısını bildirdi.

 

-          “General” bildirir ki, son dərəcə ehtiyatlı olaq. Bir neçə ildə qurub-yaratdığımız hər şey birdən-birə alt-üst ola bilər. Xarici düşmənlərə qarşı necə ehtiyatla davranırıqsa, daxildə də möhkəm olmalıyıq.

 

-          Daxil? – Mete təəccüblə gözlərini bərəltdi. – məgər içimizdə xain var?

 

-          Ola bilər. Bu çox əhəmiyyətli layihədir. Və bir ildir ki, heç bir maneə ilə rastlaşmırıq. İşlərimiz yolunda gedir. Baxmayaraq ki, rəqiblərimiz olduqca aktivləşiblər. – şübhəli tərzdə gözlərini qıyaraq qəhvəsini içməyə davam etdi Kürşad bəy.

 

-          Belə baxıram, məndən əlavə nə isə tələb olunacaq?

 

-          Bəli. Sən mənim və “General”-ın hər kəslə müqayisədə çox güvəndiyi yeganə şəxssən, Mete. Biz sənin doğumunu, bu zamana qədərki bütün həyatını bilirik. Ona görə istəyirik ki, “Elçi” olaraq buradakı və bundan sonra göndərəcəyimiz yerlərdəki mərkəzlərimizə ciddi nəzarət edəsən. Ən ani şübhə olduğu zaman bizə bildirəsən. – Kürşad bəy Meteyə bundan sonrakı əsas vəzifəsini izah etməyə çalışdı.

 

    Əlavə olaraq, iyirmi dəqiqə də danışdılar. Kürşad bəy Meteyə bütün şübhəli durumları və o anlarda nə etməli olduğunu anlatdı. Gedəndən sonra isə Mete əvvəlki Mete deyildi. Belə çıxırdı ki, uğruna canını verməyə hazır olduğu, ailəsindən, bütün yaxınlarından üstün tutduğu təşkilatında vicdansız, şəxsiyyətsiz xainlər ola bilərdi. Bəli xainləri Mete həmişə belə adlandırırdı... Bəlkə də adi bir təhlükəsizlik tədbiri idi, amma Meteyə komandirinin danışdıqları çox pis təsir etmişdi. Əgər adi bir detalı gözdən qaçırmışdılarsa, ya bundan sonra gözdən qoysalar, hər şey – illərin min əziyyətlə qurulduğu layihə heç ola bilər, həm də uğruna onlarla insanın şəhid olduğu, milyonlarla insanı firavan günə çıxarmağı məqsədləyən qlobal layihə...

    Səhəri gün Mete akademiyaya gedib türkoloq, alim Aydın Muradzadə ilə adəti üzrə söhbət etdi. Yenə ideologiyadan, vətəndən, millətdən danışdılar. Bu səfər Mete müqəddəs insan hesab etdiyi Aydın müəllimə tamam başqa gözlərlə baxırdı. Komandirinin xüsusi tapşırığı indi onu hamıdan şübhələnən adama çevirmişdi. Bir müddət içində götür-qoy edəndən sonra Aydın müəllimə qarşı münasibətinin korlanacağından ehtiyatlanıb başından bütün mənfi düşüncələri qovdu. Çünki o, bu orta yaşlı alimi millətimiz üçün həqiqətən də vacib adam hesab edirdi və onun xain olacağını ağlına belə gətirmək istəmirdi. Aydın müəllimsə Metenin fikirlərindən xəbərsizdi, elə hey danışırdı:

-          Türklər tarixən hakimiyyətləri altında olan xalqlarla özləri arasında hеç bir ayrı-seçkiliyə yol vеrməmişdilər. Bütün bunlar, xristianlığın «Yaşamaq üçün qovğa» təfəkkürünün əksinə olaraq, Türk sülh və əmin-amanlığı, ədalət və doğruluğu Türklərin orta əsr dünyasına nə bəxş etdiyini bir daha tarix qarşısına sərgiləməkdədir. Əgər Türklərin Cahan hakimiyyəti idеyası ədalətə, insanlıq duyğularına, millətlərin arzu və istəklərinə əsaslanmasaydı, Türk hakimiyyətinin əzəmət və qüdrətinin uzun əsrlər boyu yaşaması da mümkün olmazdı... – deyə Aydın müəllim biliklərini Mete ilə həvəslə bölüşürdü.

  

    Söhbətin qızğın yerində nədənsə Metenin yadına konfransda gördüyü gənc, azərbaycanlı türkoloq, müstəqil araşdırmaçı Aynur Məmmədova düşdü və Mete onun haqda Aydın müəllimdən öyrənməyi qət etdi. Ayın müəllimsə öz növbəsində mehribanlıqla gülümsədi və:

-          Aynur qızımız millətimizin sahib olduğu gənc, istedadlı, vətənpərvər xanımlarındandır. Onun mətbuatda yayımlanan bir neçə məqaləsinə şəxsən özüm rəy vermişəm... – deyə böyük fəxarət hissiylə açıqladı Aydın müəllim.

 

    Meteninsə görünür, Aynurun elmi nailiyyətləri, milli sahədəki addımları indi maraqlandırmırdı, o, daha çox Aynurun nömrəsini öyrənməyin yolunu axtarırdı ki, birdən ağlına nə gəldisə:

-          Sizdə varsa, onun mobil nömrəsini mənə verə bilərsinizmi? İstəyirəm ondan şəxsən özüm müsahibə alım. Türkiyədəki tanış mətbuata göndərəcəyəm. Qoy, oradakı soydaşlarımız Aynur xanım kimi istedadlı gənc araşdırmaçını tanısınlar. – deyə Mete, Aydın müəllimə bəyaz yalan danışdı.

  

    Aydın müəllim də heç nədən şübhələnmədən dərhal telefonunu çıxardı və telefonun adlar yazılan bölməsində Aynur Məmmədovanın nömrəsini axtardı. Mete indi təsviredilməz dərəcədə sevincli idi, çünki istədiyi olmuşdu. Aydın Muradzadə heç bir problemsiz ona nömrəni verəndə isə qəfildən həyəcan basdı Meteni. Çünki ilk öncə bilmədi nə etsin. Elə ancaq Aydın müəllimə təşəkkür edib oradan qısa vaxtda ayrıldı.

    Bir neçə saat həyəcandan özünə gələ bilməyən gənc təhlükəsizlik agenti vaxtını şəhərdə gəzişməklə, arada bir oturub çay, qəhvə və s., içməklə keçirdi. Evə qayıdanda axşam saat 9-a 10 dəqiqə qalmışdı. Dəhlizə daxil olub, səssiz-səmirsiz qapısına yönəldi. Açarı qapıya saldı. Elə bu an arxasında vahiməli bir hənirti hiss etdi. Yerindən tərpənmədən sadəcə aşağıya nəzər yetirdi və çox sayda kölgələr gördü. Əlini dərhal belinə atsa da, bunun bir faydası olmadığını anladı, çünki səhər evdən çıxanda akademiyaya gedəcəyi üçün silahını özüylə götürməmişdi. Arxasındakı hənirti isə get-gedə artırdı...

 

Ardı var...

 

Elşən İsmayıl

 

4-5 yanvar 2017-cı il.

 



Bakıda Musiqili Teatrla Təbriz Teatrının müştərək layihəsi nümayiş olunur - "Bəxtəvər"
11:19 / 23-03-2017
0 8 ARDI
Təbriz Heydərzadə Evi və Qacar Muzeyində xatirə şəkilləri...
11:16 / 23-03-2017
0 9 ARDI
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
20:25 / 14-03-2017
Novruzda yenə də Bütöv Azərbaycan tonqalı qalanacaq
23:21 / 13-03-2017
Qədim Təbriz şəhərinin maketi təqdim olunub - FOTO
20:54 / 10-03-2017
Zəfər Oğuztürkdən daha bir milli əsər + FOTO
20:09 / 10-03-2017
Gənc istedadlı rəssam Zəfər Oğuztürk yenə öz əl işilə insanları heyrətə saldı
10:20 / 02-03-2017
Azərbaycan tarixində muğamın yeri və şöbələrinin təhlilinə dair
22:39 / 20-02-2017
İSTİQLAL BƏ İSTİQBAL YOLLARINDA
22:35 / 20-02-2017
Kimsəsizlər adası və heç kimlik vals... (hekayə)
13:10 / 15-02-2017
Ankarada ustad Şəhriyarın ədəbi-bədii gecəsi keçiriləcək
14:08 / 11-02-2017
MƏDƏNİYYƏTİMİZİ DÜNYAYA TANIDAN AZADLIQ MÜCAHİDİ
23:47 / 03-02-2017
“TƏLƏBƏ” - yeni milli film çəkilir
13:27 / 03-02-2017
Təbrizdə 90 nəfərlik “Barış” xor qrupunun konserti böyük rəğbətlə qarşılanıb - GÖRÜNTÜ
20:06 / 27-01-2017
Güney Azərbaycanın Şərq vilayətində 2 min nəfərlik Aşıqlar Birliyi yaradılıb.
20:15 / 25-01-2017
Metropolitan İncəsənət Muzeyində saxlanılan Azərbaycan Səfəvi bayrağı
19:59 / 25-01-2017