BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Çaldıran döyüşünün gerçək tarixi

13:56 / 06-05-2017   /   baxış - 519

Rəşad Əsgərov

ADPU-in Tarix fakültəsinin III kurs tələbəsi

 

XVI əsrin siyasi mənzərəsi

XV əsrin sonlarında – XVI əsrin əvvələrində okean ticarətinin yaranması beynəlxalq əlaqələrdə Azərbaycanı həm iqtisadi, həm də siyasi cəhətdən önə çıxardı. Okean ticarətindən kənarda qalmış Avropa dövlətləri Azərbaycanla əlaqələr hesabına özlərinin iqtisadi maraqlarını təmin etməyə, Hindistana çıxışa nail olmağa , okean ticarətində ilkin olaraq inhisarçılığı ələ keçirmiş Avropa dövlətləri isə Azərbaycanla siyasi əlaqələr qurub onunla birgə özlərinin ən güclü rəqibi olan Osmanlı imperiyasına qarşı çıxış etməyə çalışırdılar. Azərbaycanın maraqları da onların maraqları ilə üst – üstə düşürdü. Hindistana dəniz yolunun avropalılar tərəfindən mənimsənilməsi az sonra müsəlman dövlətlərinin maraqlarına ciddi təsir göstərdi. Məhz həmin dövrdən etibarən özündə lazimi qüvvə olduğunu hiss edən Avropa kapitalizmi İslam dünyasını özünün fəal müstəmləkəçilik ekspansiyasına, təşəkkül tapan kapitalist dünya sisteminin ucqarına çevirirdi. Bu təhlükəni Osmanlı imperiyasının hakim dairələri hiss edirdilər. Lakin onlar həmin təhlükənin gələcəyini, müsəlman dövlətləri üçün meydana çıxaracağı tarixi nəticələri öncədən dərk edə bilmədilər. Sonrakı tarixi hadisələr sübut edir ki, Osmanlı sultanları yeni siyasi məqsədlərini məhz bu dövrdən müəyyən etməyə başladılar. Bu siyasətin mərkəzində isə cənub dənizlərinə çıxış əldə etmək, Osmanlı imperiyasını nəinki dünya quru ticarət yollarına nəzarət edən, eyni zamanda dəniz imperiyasına çevirmək məqsədləri dayanırdı. Osmanlı Sultanlarının əsas məqsədi okean sahillərindəki bütün limanlara sahib olmaq, həmin limanları Avropa dövlətlərinin işğallarından qorumaq və nəticədə beynəlxalq ticarətdə dövrün mövcud vəziyyətini saxlamaq idi. D.Əzimli  “Azərbaycanın Qərbi Avropa ölkələri ilə ticarət əlaqələri və Türkiyə (XV əsrin II yarısı – XVII əsrin I yarısı)” adlı monaqrafiyasında vurğulayır ki, “Osmanlıların qurduğu bu nəhəng planın qarşısında iki ciddi maneə dayanmışdı: 1) İran körfəzinə çıxışı əldə saxlayan gənc Azərbaycan imperiyası; 2) Qırmızı dənizdə və Hind okeanının ərəb sahillərindəki limanlara nəzarət edən, lakin tənəzzül etməkdə olan Misir məmlükləri dövləti”. XVI əsrin siyasi mənzərisinə baxdıqda, orta əsrlər müsəlman dünyasının üç nəhəng imperiyasının maraqlarının bir – biri ilə toqquşduğunu görə bilərik. Səfəvilər elə bir dövrdə hakimiyyətə gəlmişdilər ki, artıq beynəlxalq aləmdə ciddi, əsaslı dəyişikliklər baş vermiş, avropalılar Hindistana yeni yol açmaqla tarixə ümumdünya səciyyə vermiş, Yeni dünya nizamı təşəkkül tapmağa başlamışdı. Avropada baş vermiş hadisələr həm dövlətçiliyə, həm də beynəlxalq aləmə münasibətdə bu bölgədəki dövlətləri iki fərqli düşərgəyə parçalamışdı. Avropanın bir sıra dövlətlərinin şərq siyasətində XVI əsrdə ən qüdrətli dövrünə daxil olmuş Osmanlı imperiyası ciddi maneəyə çevrilmişdi. Buna görə də Avropa dövlətləri ona qarşı şərqdə güclü bir müttəfiq tapmağa çalışırdı. Çünki XVI əsrdə Osmanlı imperiyası Avropa dövlətlərinin ekspansiyasına və onların dünya iqtisadi ehtiyatlarına nəzarət vasitələri məcmusuna qarşı çıxa bilən yeganə qüvvə idi. Səfəvilər imperiyası bu baxımdan Avropanın bir sıra dövlətləri üçün xüsusi əhəmiyyət kəsb edirdi. Səfəvilər və Osmanlıların iqtisadi maraqlarının toqquşması bu imperiyalar arasındakı savaşı qaçılmaz edirdi. Qərb rəsmiləri belə qənaətdə idilər ki, bu dövlətlərin arasındakı münasibətləri sadəcə olaraq kəskinləşdirmək lazımdır.

Sultan I Səlimin şərq işğal planları barədə

İpəkyolu ticarətinin istiqamətinin Osmanlı torpaqlarının xaricinə çıxması, bu səbəblə də dövlətin xəzinəsinin zərbə almış olması, bundan başqa, dəniz tiacət yollarının da böyük əhəmiyyət kəsb etməsi, Yavuz Sultan Səlimin diqqətini tamamilə şərqə çevirməsi ilə nəticələnir.

Bu dövrdə, Bəsrə xətti, Fərat çayına qədər Səfəvi hakimiyyətində idi. Qırmızı dəniz və Suriya isə, Misir məmlüklərinin hakimiyyəti altındaydı. Yavuz Sultan Səlim, Osmanlı ölkəsinin şərqində güclənmiş olan Səfəvilər üzərinə yürüş edib, həm Osmanlıya rəqib olan bir qüvvəti zəiflətmək, həm də Səfəvilər üzərindən Bəsrə bölgəsinə hakim olmaqla karvan yolunun ticarətinin önəmli bir qismini hakimiyyəti altına almaq istəyirdi. Sultan I Səlimin məqsədlərinə həm də Suriya və Qırmızı dənizə hakim olan Misirin fəthi ilə Süveyş kimi dəyərli bir dəniz bazasına sahib olmaq daxil idi. Osmanlılar bu bazadan istifadə edərək əvvəlcə Qırmızı dənizin şərq və qərb sahilnə yaxşıca yerləşəcək və daha sonra da Hindistana buradan yürüşlər ediləcəkdir. Bəsrə körfəzi də həm Hindistan-Süveyş yolunda stragetik bir bölgə həm də Hind-Avropa ticarətinin önəmli bir qovşaq nöqtəsində olması səbəbi ilə, Sultan I Səlimin şərq işğal planlarının tərkib hissəsinə daxil idi. Sonrakı tarixi gedişatdan məlum olduğu üzrə, bu planların böyük hissəsi gerçəkləşmişdir.

Çaldıran savaşına Osmanlılarda hazırlıq

Yavuz Sultan Səlim hökmdar olan kimi ilk öncə şəhzadələr problemini qanlı bir şəkildə həll edərək, bütün diqqətini Səfəvilərə yönəltmiş olur. Yavuz Səlimin bu səfəri əsnasında  basqınlardan bezmiş olan Anadolu Türkmən əhalisinin Səfəvi torpaqlarına köçü davam etməkdə idi. Sultan I Səlim bu vəziyyətin qarşısını almaq üçün tədbirlər görməli olur. Yavuz Səlim, Anadoludan olan Türkmən əhalidən silahlı olub təhlükə törədənləri səfər əsnasında problem çıxartmamaqları üçün onların hər birini müəyyən edərək 40 min civarında ad yazılan bir dəftər tərtib edir. Tarixçi Xoca Sadəddin özünün “Tacüt Təvarix” əsərində onların aqibəti haqqında qeyd edir: “ bu insanların kimisi qətlə yetirildi, kimisi də həbsə atıldı”. Tarixçi, Solakzadə də bu məlumatın eynisini qeyd etmişdir. Osmanlı mənbələrində yazılanlara istinad etsək görərik ki, Sultan Səlimin addımındakı əsas məqsəd Səfəvilərə doğru Qızılbaş axınının qarşısını almaq idi. Lakin bu addım eyni zamanda münasibətlərin gərginləşməsində də mühüm rol oynadı.

Yuxarıda qeyd edilən 40 min say, Osmanlı dövrünü tədqiq edən bir çox tarixçilər tərəfindən vurğulanmış, lakin bir mənalı qarşılanmamışdır. Məsələn, Tarixçi, İ.Danışmənd “İzahlı Osmanlı Tarixi Xronologiyası” adlı kitabında, qətl və təqibə məruz qalan qızılbaşların çoxunun tam günahsız olduğunu, eyni zamanda bu təqiblərin Anadolu və Rum elində edildiyini qeyd edir. Prof.Dr. Mustafa Akdağ və Farük Sümər kimi görkəmli tarixçilər isə məsələyə fərqli yöndən yanaşmış bu rəqəmin şişirdildiyini qeyd etmişlər. Apardığım kiçik araşdırmalar və məntiqimə istinad edərək Farük Sümerin fikriylə razılaşmaya bilmərəm. Yuxarıda qeyd edilən 7 yaşdan yuxarı insanların qətlə yetirilməsi mövzunun birbaş şişirdilməsinə dəlalət edir. Fikrimizcə həmin dövrdə sadəcə Şah İsmayıla bağlılığı olan, Anadoluda I Səlimin hakimiyyətini sarsıtmağa cəhd edən, Qızılbaş qüvvələri qətllərə məruz qalmışdır desək, bu daha dürüst və realist yanaşma olardı. Qızılbaş etiqadlı uşaqların, bütün ələvilərin bu kimi təqiblərə məruz qalıb öldürülməsi tarixi gerçəkliyi əks etdirmir. Osmanlı arxivlərində də təqiblərə məruz qalanların sadəcə fəal Qızılbaşlar olduqları vurğulanır və dəqiq say göstərilmir. Prof. Dr. Osman Turan da “Türk Cihan Hakimiyyəti Məfkurəsi Tarixi” əsərində bu hadisələrə siyasət qiymət verərkən, Sultan Səlimin bu addımının Səfəvilərlə işbirliyi edən Qızılbaşlaraa qarşı yönəldiyini qətiyyətlə vurğulayır. Ümumiyyətlə onu da qeyd etmək lazımdır ki, Səfəvi qaynaqlarından heç birində Qızılbaşlara qarşı sistemli bir qətliamdan bəhs edilmir. 40 minlik Qızılbaşın qətliamı haqqda, İdris-i Bitlisi “Selimşahnamə”sində yazmışdır. Digər Osmanlı tarixçiləri də 40 minlik sayı qeyd edərkən İdris-i Bitlisiyi qaynaq olaraq göstərmişlər.

Yavuz Səlimin “Səfəvi Türk İmperatorluğu”na  qarşı döyüşə hazırlaşdığı XVI əsrin əvvəllərində, Türk ordularının, birbirləri ilə etdikləri savaşlardan böyük itkilərə məruz qalan Türk dünyası o dövrdə nəhəng 4 türk dövlətindən ibarət idi. Bunlar: 1)  I Səlimin rəhbərlik etdiyi Osmanlı imperatorluğu, 2) Şah İsmayılın rəhbərlik etdiyi Azərbaycan Səfəvilər dövləti ( və ya Səfəvi Türkmən dövləti), 3) Məhəmməd Şeybani xanın Özbək Türk imperatorluğu, 4) Teymurilərin varisi Baburun, mərkəzi Hindistan olan Türk imperatorluğu idi. Bununla bərabər bəhs etdiymiz dövrdə bir çox müstəqil Türk dövlət və bəylikləri də mövcud idi. XVI əsrin əvvələri əsasən türklərin öz aralarında hakimiyyət uğrunda etdikləri savaşlarla Türklüyün böyük itkilərə məruz qaldığı bir dövr olmuşdur.

Çaldıran döyüşü tarixi qaynaqlarda

Sultan I Səlimin savaşa başlamasının əsas səbəbi budur ki, həmin dönəmdə Məhəmməd Xan Ustaclı Diyarbəkirin hakimi, bir neçə dəfə zülqədər qoşununu az adamla məğlub etmiş, onun mülazimi Dəli Duraq yetmiş süvari ilə Misir padşahı Sultan Qansunun igidlikdə şöhrət tapmış və ad-san qazanmış üç yüz qulamını məğlubiyyətə uğratmışdı. Bu şücaət üzündən onun (Xan Məhəmmədin) lovğalığı, qüruru, əzəməti, cah-cəlalı və özündənrazılığı həddini aşdı və Sultan Səlimə təhdid və təhqirlə dolu məktublar göndərib onu vuruşmaya və qarşıdurmaya rəğbətləndirdi və təhrik etdi. Digər səbəb isə o idi ki, Nurəli xəlifə Rumlu o diyarda çoxlu xarabalıqlar törədib Toqatı yandırmışdı. Bu hadisələr onu (Sultan Səlimi) müharibəyə sövq etdi. Həsən Bəy Rumlu qeyd edir ki, Sultan Səlimin qoşununun sayı o qədər çox idi ki, hətta nütün iqlimlərdəki insanların qələmlərinin onun sayını yazmağa mürəkkəbi kifayət etməzdi. Bu say 200 min ( bəzi mənbələrdə 120, 100 min) olaraq göstərilir.

Rəcəbin (22.08.-20.09.1514) əvvələrində, Təbrizdən iyirmi fərsəx aralıda yerləşən Çaldıran adlı yerdə iki qoşun bir-biri ilə qarşılaşdı. Osmanlı döyüş ənənəsinə uyğun olaraq sultan müharibə vaxtı öz qoşunlarının ətrafında arabalar və zəncirlərlə möhkəmləndirilmiş möhkəm istehkamda dayanadırılar. Bu zaman Məhəmməd Xan Ustaclı düşmənin hazırlıqsız durumunda hücuma keçməyin daha doğru olacığını bildirsə də Osmanlı qoşunun döyüş qaydasından xəbərsiz olan Durmuş xan Şamlı ciddi şəkildə bu təklifə etiraz etdi və lovğalığı üzündən açıq döyüşü təklifini irəli sürdü. Şah İsmayıl başda olmaqla bir çox sərkərdələr də açıq döyüşə tərəfdar oldular.

Qızılbaş ordusunun vuruşma ərəfəsindəki hərbi hazırlıq vəziyyəti belə idi: mərkəzdə Nizaməddin Əbdülbaqinin, Məhəmməd Kəmunənin və Şərafəddin Əlinin başçılığı altında qızılbaşların dəstəsi yerləşirdi; sağ cinahda Durmuş xan Şamlının və Şah İsmayılın seçmə qüvvələri, sol cinahda isə Diyarbəkir hakimi Məhəmməd xan Ustaclının dəstələri yerləşirdi. Ərzincan hakimi Nurəli Xəlifə Rumlu, Təbriz hakimi Məntəşə Sultan, Fars hakimi Xəlil Sultan Zülqədər, Hüseyn bəy Lələ, Xülafə bəy (Xadim bəy), Pirə bəy Çavuşlu və Sultanəli Mirzə Əfşar cinahlarda mövqe tutdular. Sarı Pirə (qorçibaşı) və Yusif  bəy Varsaq öndə duran hissəyə (çərxçiyan) təyin olundular. Şah İsmayıl özü seçmə hissələrlə sağ cinahda dururdu.

İdris Bidlisinin verdiyi məlumata görə, Osmanlı ordusunda 100 min, Qızılbaşlarda isə 40 min nəfər döyüşçü olmuşdur. “Türk silahlı qüvvələri tarixi”nin III cildinə əlavə olaraq hazırlanmış “Çaldıran meydan müharibəsi 1514” adlı kitabda vuruşan tərəflərin hərbi planları, Osmanlı və Qızılbaş ordusunun döyüş ərəfəsindəki düzülüşü və döyüşün gedişi ilə bağlı məlumat verilmişdir. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı tərəfindən çapa hazırlanan bu kitabda Osmanlı ordusunun sayı ilə bağlı dəqiq məlumat öz əksini tapmışdır.  Osmanlı ordusunun sağ cinahında Sinan paşanın komandanlığı altında 35 minlik Anadolu süvariləri, 10 min nəfər Anadolu əzabları, 100 top, sol cinahda isə Həsən paşanın komandalığı altında 40 minlik Rumeli süvariləri, 8 minlik Rumeli əzabları və 100 top yerləşirdi. Sultan Səlimin ətrafında yerləşən qüvvələr barədə, eləcə də Şadi paşanın komandanlığı altında arxa mövqedə yerləşdirilən hissələr haqqında dəqiq məlumat verilməsə də, buraya 12 minlik yeniçəri tüfəngçilərini, topçuları, mərkəzdə və arxada yerləşdirilmiş qüvvələri əlavə etsək, Osmanlı ordusunun sayının 120 mindən artıq olduğu bəlli olar. C.Hammerin verdiyi məlumat da bu faktı təsdiq edir.   Sultan Səlim yalnız ordusunun sayına görə deyil, həm də Avropa tipli hərbi təşkilatı ilə də Şah İsmayıldan üstün idi, osmanlıların sərancamında qızılbaşlarda olmayan böyük topxana vardı.

Çaldıran vuruşması 1514-cü il avqustun 23-də səhər, qızılbaş ön süvari dəstəsinin – Sarı Pirə Ustaclının başçılıq etdiyi qorçuların şiddətli hücumu ilə başlandı. Osmanlı türkləri ağır itkilərə məruz qalsalar da, Osmanlıların ön dəstəsi Səfəvi süvarisinin hücumunu dəf edə bildi.

Səlnaməçilərin məlumatlarına görə, bu döyüşdə Şah İsmayıl və qızılbaş döyüşçüləri xeyli hünər və qəhrəmanlıq nümunələri göstərdilər. Məsələn, döyüşün qızğın çağında İsmayıl Osmanlı ordusunda özünün bahadır gücü və igidliyi ilə tanınan Əli bəy Malquç oğlu ilə üz-üzə gəldi. Şah İsmayıl qılıncla onun başına elə bir zərbə endirdi ki, baş  dəbilqə ilə birlikdə iki hissəyə parçalandı, şahın qılıncı isə onun sinəsini dəldi. Həsən bəy Rumlu bu tarixi hadisəni bu şəkildə təsvir edir: “İsgəndər şanlı xaqan onun başına bir qılınc vurdu. Belə ki, onun dəbilqəsi başı ilə birlikdə ikiyə bölündü və qılınc onun boynuna çatdı. Düşmənlər ömürləri boyu belə bir zərbəni nə görmüşdülər, nə də eşitmişdilər. Onlar heyrətə düşdülər və müqayisəyəgəlməz bir qorxu içində mərkəzə qaçdılar. Qızılbaş ordusunun sağ cinahı rumilərin sol cinahına hücum etdi”.

Vuruşmanın ən böhranlı anında top mərmiləri Şah İsmayılın döyüşçülərinin sıralarını seyrətdiyi bir vaxtda Fars hakimi Xəlil Sultan Zülqədər özbaşına döyüş meydanını tərk etdi və öz dəstəsi ilə birgə qaçdı. Lakin Şah İsmayıl düşmənin məhvedici atəşi qarşısında geri çəkilmədi və döyüşçülərini topların üzərinə hücuma apardı. O, qılıncı ilə bir-birinə zəncirlənmiş topların arasından özünə yol açdı, lakin dəvələrin və qatırların “divarı” qarşısında dayanmağa məcbur oldu. Bu zaman Şah İsmayılın atı müvazinətini itirdi və üzərindəki döyüşçü ilə birlikdə yerə sərildi. Osmanlı əsgərləri Şah İsmayıla tərəf atıldılar. Lakin şahın həyatı üçün bu çətin anda o. Şaha “zahirən və geyimi” ilə çox oxşayan Sultanəli Mirzə Əfşar tərəfindən xilas edildi. O, “mənəm şah” – deyə qışqıraraq irəli qaçdı və düşmənin əsgərlərini də öz arxasınca apara bildi. Bu zaman özünü yetirən Xızır ağa Ustaclı adlı bir qızılbaş şaha başqa at gətirdi. Şah həmin atın üzərində döyüşə atıldı.

Həsən bəy Rumlunun verdiyi məlumata görə, Çaldıran düzündə  hər iki tərəfdən 5 min döyüşçü həlak olmuşdur. Onlardan 2 min nəfərin qızılbaş, 3 min nəfərin isə osmanlı türkü olduğu qeyd edilir. Şərəf xan Bitlisi isə yalnız qızılbaşların itkisinin 5 min nəfər süvari olduğunu yazır. Osmanlı tarixçiləri isə əksinə, bu rəqəmləri həddən artıq şişirdirlər. Onların bəziləri osmanlı türklərinin 30-40 min nəfər, qızılbaşların isə bundan iki dəfə artıq itki verdiyni göstərirlər. Lakin Səfəvi ordusunun savaşdakı sayının 40 min olduğnu nəzərə alsaq, Osmanlı tarixçilərinin verdiyi məlumatın absurd olduğunu çəkinmədən söyləyə bilərik. Səfəvilər özlərinin bir sıra istedadlı sərkərdələrini – Məhəmməd xan Ustaclını, Sarı Pirə Ustaclını, Hüseyn bəy Lələni, Xadim bəy Xülafəni itirdilər. Osmanlı sərkərdələrindən isə Həsən Paşa, Malquç oğlu, Üveys bəy, Süleyman bəy həlak oldular.

Çaldıran savaşında Sultan Səlimin əsir aldığı Şah İsmayılın oxşarı  - Sultanəli Mirzə Əfşarla Səlim arasında baş tutmuş söhbət də bu savaşın gedişatı baxımdan diqqəti cəlb edir. Sultan Şah İsmayıldan soruşur: “Məgər sən bilmirdin ki, mən iki yüz min döyüşkən kişi, artilleriya və yeniçərilərlə gəlmişəm, sən niyə belə miskin qüvvələrlə mənimlə döyüşə girib, öz adamlarını ölümə məhkum etdin, özün isə əsir düşdün”. Cavab belə oldu: “Mən bilirdim ki, sənin böyük ordun var, lakin bilmirdim ki, sən toplardan düzəldilən isyehkama atılıb bununla da özünü bu dünyada da, o dünyada da rüsvay edəcəksən...”. Şah İsmayıl yalnız canlı qüvvə baxımından deyil, texniki təchizat cəhətdən, silahlanma cəhətdən Sultan Səlimdən geri qalırdı.  Səfəvilərdə artilleriya və odlu silah olsa da bu döyüşdə qızılbaşlar artilleriyasız idilər. Deməli, Səfəvilərin döyüşdən geri çəkilməsini şəxsi səbəblərlə deyil, sultan ordusunun o dövr üçün qabaqcıl olan təşkili və silahlanması, onun odlu silahı, artilleriyanı geniş tətbiq etməsi ilə əlaqələndirmək lazımdı.

Həsən bəy Rumlunun yazdıqlarına istinad etsek görərik ki, bu savaş heç də sovet təfəkkürü ilə yazılan tarixi kitablarda olduğu kimi Səfəvilər üçün acınacaqlı nəticələrə səbəb olmamışdır. Sovet dövründə yazılan əsərlərdə bu döyüş nəticəsində Qızılbaş dövlətinin guya geniş ərazilər itirdiyi göstərilsə də bu belə deyil. Səfəvi mənbələrində bu döyüş haqqında məlumat verilərkən sadəcə Qızılbaşların məğlub olduğu göstərilir. Eyni zamanda iddia olunanın əksinə Şərqi Anadolu torpaqları yalnız 1555-ci il Amasya sülhü ilə Osmanlının nəzarətinə keçdi. Şah Təhmasib Səfəvinin yazdığı Təzkirəyə diqqət etsək, biz burada Diyarbəkr, Ərzincan və digər torpaqların Azərbaycan ölkəsinin şəhərləri olaraq adlandırıldığını görə bilərik. SSRİ zamanında İ.Petruşevski və digər tarixçilər 1515-ci ildə, yəni Çaldırandan bir il sonra Səfəvi-Osmanlı sülh müqaviləsindən yazmışlar, lakin əslində belə bir sülh müqaviləsi olmamışdır. SSRİ zamanında rus tarixçilərinin əsas məqsədi elə də böyük əhəmiyyəti olmayan bu döyüşü şişirtməklə Azərbaycan-Türkiyə münasibətlərini korlamaq istəmişlər. Türkə düşmənçilik edən qüvvələr tərəfindən bu savaş şişirdilmiş, məzhəb məsələsi ortaya atılmış və türkü hər zaman türkə qarşı salmaq üçün pis niyyətlər güdülmüşdür. Sultan Səlim Təbrizə daxil olduqdan 8 gün sonra şəhəri tərk edir. Sultan Səlim geri dönərkən, bir neçə min mahir   Təbriz sənətkarlarını ailəliklə əsir alıb Türkiyəyə apardı. Sonradan həmin memarlar Osmanlı mədəniyyətinə böyük töhfələr verdilər.

 

Ədəbiyyat:

1)   “Kızılbaş Türklər”. Nihat Çetinkaya. BRC Matbaacılık. Ankara - 2014.

2)  “Azərbaycan Səfəvilər dövləti”. Oqtay Əfəndiyev. Şərq-Qərb nəşriyyatı. Bakı 2007.

3)  “Son Kızılbaş Şah İsmail”. Tufan Gündüz. Yeditepe. İstanbul 2014.

4)  “Azərbaycan tarixi” Yeddi cilddə. III cild. Bakı, Elm, 2007.

5) Həsən bəy Rumlu “Əhsənüt – Təvarix” Kastamonu – 2017.

6) “Azərbaycanın Qərbi Avropa Ölkələri ilə Ticarət əlaqələri və Türkiyə” Dilavər Əzimli. Turxan nəşriyyatı. Bakı 2014.



Qafqaz İslam Ordusunu Azərbaycana gətizdirən kim idi?
21:45 / 23-11-2017
VƏLİQULU BİN DAVUDQULU ŞAMLININ “QİSƏSÜL-XAQANİ” ƏSƏRI
23:11 / 15-11-2017
Mühacir Azərbaycan Türk aydınlarının milli tarixi-fəlsəfi irsi (I yazı)
22:49 / 15-11-2017
S.Ə.Kəsrəvinin, “kəşf etdiyi Azəri dili” Ərəb mənbələrindəki Azəri dili deyil
22:42 / 15-11-2017
Алекпер Алекперов: К локализации и происхождению названия Аратта
23:10 / 13-11-2017
Azərbaycan dövlətinin adının yaranma tarixi barədə (IV yazı)
22:39 / 13-11-2017
“Müsavat” firqəsinə 100 il sonra baxış
01:09 / 07-11-2017
Urmiyədə “Azərbaycan Mədəniyyət Ocağı” Dərnəyi təsis edilib
00:56 / 25-10-2017
Səfəvilər dövründə Ərdəbildə xəttatlıq və katib sənəti
00:35 / 25-10-2017
Qacarlar "İran" demək deyil - Faiq Ələkbərli
23:12 / 13-10-2017
ОТВЕТ В.А.ШНИРЕЛЬМАНУ
23:08 / 13-10-2017
Könüllərin Fatehi: Şah İsmayıl Xətai (III hissə)
21:47 / 12-10-2017
Tarixdə ilk Qızılbaş hərəkatı - Babailər
22:27 / 09-10-2017
Nadir şahın hərbi dəniz donanması yaratmaq cəhdləri
22:15 / 09-10-2017
Qafqazda erməni dövlətinin yaranması (III hissə)
20:29 / 06-10-2017
Könüllərin fatehi: Şah İsmayıl Xətai (II hissə)
20:25 / 06-10-2017